`Mənə zorla ərizə yazdıra bilməzlər` - AÇIQLAMA

`Mənə zorla ərizə yazdıra bilməzlər` - AÇIQLAMA
  20 Dekabr 2013    Oxunub:1671
“Bəzi internet portallarında İTV-dən uzaqlaşdırılanların Prezidentə müraciət edəcəyi ilə bağlı heç bir mənbəyə istinad edilmədən, fakta əsaslanmadan yayılmış xəbərlərdə İTV-nin sabiq department direktoru kimi mənim də adımın hallandırılması həqiqəti əks etdirmir. Bu cür əsasız xəbərləri yayan media qurumları peşə etikasına riayət edərək, adıçəkilən şəxslərin rəyini öyrənməlidir”. Bu açıqlamanı özünün facebook səhifəsində İTV-dən işdən çıxanlardan biri – sabiq departament direktoru Füzuli İsmayılov yayıb.
O, həmin fikidən çox uzaq olduğunu bildirib: “Bu cür yazılara yer ayıran KİV-də hətta işdən çıxan və yaxud çıxardılanlarla bağlı təmtəraqlı “qovuldu” ifadəsi belə ən azı həmkar təəssübkeşliyi nöqteyi-nəzərdən arzuolunan deyil. Bəli, mən 9 ilə yaxın çalışdığım İctimai Televiziyada tutduğum vəzifədən ərizəmlə azad olunmuşam. Ümumiyyətlə hər şeyin başlanğıcı və sonu olur, əminliklə deyə bilərəm ki, bu son mənim karyeramda yeni başlanğıcdır. Doğrudur, uzun müddət çalışdığım, müxtəlif yayım xidməti strukturlarına rəhbərlik etdiyim telekanal mənim üçün ögey ola bilməz. Amma bununla yanaşı, İTV-dən getməyimin bu qədər hallandırılmasına, motivləşdirilməsinə və daha sonra kimlərinsə təxəyyülünün məhsulu olan yozumların ortaya atılmasına heç bir zərurət yoxdur”.

Füzuli İsmayılov xüsusilə vurğulayıb ki, bəzilərindən fərqli olaraq hüququnu da, vəzifəsini də çox yaxşı bilir. Ona görə də, heç kim ona “zorla” ərizə yazdıra bilməz.

“Bu gün yuxarıda xatırlatdığım xəbərə İTV-dən verilən tələsik açıqlamada istifadə olunan “...əgər onlar jurnalistdirlərsə...” ifadəsi isə məni xeyli təəccübləndirdi. Təvazökarlıqdan uzaq olsa da telejurnalist kimi peşəkarlığımı peşəkarlar dəfələrlə təsdiq edib. İTV-nin formalaşmasında, qanunla müəyyən olunmuş tələblərə uyğun olaraq telekanalın üzərinə düşən çox mühüm siyasi kampaniyalarda fəal iştirakımla az-çox verdiyim töhfələrə görə fəxr edirəm. Bir daha nəzərinizə çatdırıram ki, nə belə bir müraciətin, nə də İTV-nin reaksiyasındakı qınağın mənə heç bir aidiyyatı yoxdur”,- deyə o, bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti