Bakıda 600-ə yaxın avtobus kartla işləyir

 Bakıda 600-ə yaxın avtobus kartla işləyir
  09 Yanvar 2020    Oxunub:5081
“Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız formada “BakıKart”la ödənişinə keçid qarşımızda qoyulan əsas tapşırıqlardandır. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKartl”a aparılır”.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə çox mühüm tədbirlər görülüb.

“Bu çərçivədə biz hazırda istismarda olan avtobuslarda müəyyən texniki işləri yerinə yetirib başa çatdırdıq. İşin ən çətin tərəflərindən biri məhz bu mərhələ idi. Çünki avtobuslar gündəlik xətlərdə olur və işlər elə aparıldı ki, gündəlik sərnişindaşımada hər hansı bir axsama olmasın. 1500-ə yaxın avtobusda kabelləşmə işləri tam olaraq yekunlaşıb. Dekabrın 25-dən başlayaraq kabelləşməsi bitən xətlər bir-bir “BakıKart”a inteqrasiya olunur. Hər bir xəttin inteqrasiyasından əvvəl isə təbii məlumatlandırma aparılır ki, sərnişinlərimiz buna hazır olsunlar. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKartl”a aparılır. Lakin dediyim kimi bu rəqəm qarşıdakı günlərdə dəyişəcək”.



Avtobus sayına gəldikdə isə BNA rəsmisi qeyd edib ki, artıq istismarda olan avtobusların 600-ə yaxınında gediş haqqı məhz nağdsız qaydada aparılır.

“Sərnişindaşımada göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə eyni zamanda müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması da davam etdirilir. Ötən il dekabrın əvvəlində 5 müntəzəm marşrut xətti üzrə müsabiqə elan olundu. Qarşıdakı günlərdə digər xətlərlə bağlı da müsabiqə elan olunacaq. Bunun özü də nəqliyyat sahəsində aparılan işlərin tərkib hissəsidir. Əsas hədəfi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına nail olmaqdır və bu işlər tam hədəfə nail olunanadək davam edtiriləcək. Sərnişindaşıma qaydalarına əməl etməyən, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən daşıyıcılar müvafiq qaydada sərnişindaşımalardan kənarlaşdırılacaqdır. Avtobusların alınması işi də davam olaraq aparılır. Bu məsələ bildiyiniz kimi daim dövlətin diqqətində olan məsələdir. Təlabata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək”, - deyə M.Ağayev qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avtobus   Kart  





Xəbər lenti