Məhkəmədə təqsirləndirildi, halı pisləşdi

Məhkəmədə təqsirləndirildi, halı pisləşdi
  25 Dekabr 2013    Oxunub:1038
Məhkəmədə təqsirləndirilən şəxsin halı pisləşib, təcili yardım çağırılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində bu il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, prosesdə təqsirləndirilən Şakir Mustafayev ifadə verərək ona ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığını bildirib. Onun müdafiəçisi Ş. Mustafayevlə bağlı tibbi ekspertizanın keçirilməsi barədə şifahi vəsatət verib. Lakin məhkəmə şifahi olduğu üçün vəsatəti təmin etməyib. Hakim bildirib ki, növbəti prosesdə vəsatət yazılı şəkildə məhkəməyə təqdim edilə bilər.

Proses zamanı digər təqsirləndirilən Mirkazım Abdullayevin səhhəti pisləşdiyi üçün iclasda fasilə yaranıb. Məhkəməyə təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilib. Bundan sonra proses davam etdirilib. Məhkəmədə 6 nəfər təqsirləndirilən şəxs ifadə verərək özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses dekabrın 29-da davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Teqlər:





Xəbər lenti