Daşkəsəndə əl qumbaraları tapılıb

  06 Mart 2020    Oxunub : 1077
Daşkəsəndə əl qumbaraları tapılıb
Martın 5-də saat 12:43-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daşkəsən rayonunda mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaraları və partladıcıların ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 80 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA