Mehriban Əliyeva Pakistan mükafatına layiq görüldü

Mehriban Əliyeva Pakistan mükafatına layiq görüldü
  28 Dekabr 2013    Oxunub:1511
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki,Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi keçirilib. Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər.

Asif Əli Zardari Pakistanın böyük qızı Bənazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, bütün mənalı ömrünü demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulamışdır. Sonra sabiq Prezident Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğu elan edib.

Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani Bənazir Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfə verdiyindən danışmışdır. O, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırmışdır. Nazir demişdir ki, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr həyata keçirir. Bu layihələrdən biri çərçivəsində sel və daşqınlardan zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Digər layihəyə əsasən Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləmə aparılıb, Peşəvər şəhərində “Akbar Care” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edilib və Kulsum xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb. Qeyd olunduki, Peşəvərdəki Hamza Fondu üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi alınan, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. İndi isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilməkdədir. Eyni zamanda, 2012-ci və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılıb, Qurban bayramında isə Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanıb. Bildirildi ki, Fondun təşəbbüsü ilə Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdinə aylıq təqaüd verilir.

Nazir bu ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü bildirdi və təəssüratlarını danışdı.

Qeyd edək ki, “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı qardaş Türkiyənin birinci xanımı Hayrünnisə Gülə də verilib.
AzərTAc


Teqlər:  





Xəbər lenti