Naxçıvanda qayğıya ehtiyacı olanlara ev verildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edərək deyib: Bu gün şəhid ailəsinə, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi Azərbaycanda dövlətçiliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. O yerdə dövlətçilik haqqında danışmaq olar ki, həmin ölkədə dövlət-xalq birliyi olsun. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, vətənpərvərlik göstərmiş şəxslərə, şəhid ailələrinə diqqət və qayğısı digər vətəndaşlar üçün də nümunədir.
Ali Məclisin Sədri deyib: Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir.
Ali Məclisin Sədri mənzillə təmin olunanlara qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, orderləri təqdim edib.
Şəhid anası Firəngiz Rüstəmova göstərilən qayğıya görə minnətdarlıq edib. Mənzil təqdim olunan Sədrəddin Əsədov deyib: “Bu gün – Novruz bayramı ərəfəsində bizə yeni mənzil verilir. Göstərilən bu qayğı ailəmizə ikiqat bayram sevinci yaşadır. Veteranlar və öz adımdan minnətdarlığımı bildirirəm”.
Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb, xalça hədiyyə edilib.
Azvision.az