İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

  17 Mart 2020    Oxunub : 1236
 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
Azərbaycanda internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumatı yerləşdirənlər cərimələnəcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək miqdarda cərimə olunacaq, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq ediləcək, hüquqi şəxslər isə 1500 manatdan 2 min manatadək məbləğdə cərimələnəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qadağa   Cərimə   Milli-Məclis