Kartof 70, yumurta 10 qəpiyə - yarmarkadan FOTOREPORTAJ

Kartof 70, yumurta 10 qəpiyə - yarmarkadan FOTOREPORTAJ
  28 Dekabr 2013    Oxunub:5171
Bu gündən Bakının bir neçə bazarında Yeni illə bağlı təşkil olunmuş yarmarkalar öz işinə başlayıb. Yarmarkalarda satılan məhsulların üstünlüyü ondadır ki, onların qiyməti başqa vaxtlarla müqayisədə 15-20% endirilmiş olur.

Yarmarkada satılan məhsullar, onların qiyməti və alıcıların yarmarka ilə bağlı fikirlərini öyrənmək üçün “Təzə Bazar”dakı yarmarkaya yollandıq.

Meyvə satıcısı Hacıbaba Hacımuradov deyir ki, yarmarkada qiymətlərə endirim olsa da alıcıların sayı o qədər də çox deyil: “Almanın növünə görə qiymətlərdə də endirim fərqlidir. Məsələn, 2 manata satdığımız “Qızıləhməd” növlü alma yarmarkada 1 manat 50 qəpiyə satılır. Həmişə 1 manat 50 qəpiyə satdığımız almanı 1 manata satırıq. Yəni, hər alma növünə 50 qəpik endirim etmişik”.

Göyçay narı satan Sadiq də kifayət qədər məhsul sata bilməməkdən şikayətlənir: “Həmişə satdığımız qiymətlərdir. Hətta yarmarka olmayan günlərdə daha çox alver edirdim. Elə olub ki, bir gündə 100 manatlıq alver etmişəm, indi edə bilmirəm”.

Kartof və soğan kimi çox satılan məhsullardakı qiymət fərqi digərləri ilə müqayisədə daha çoxdur. Satıcı deyir ki, həmişə 1 manata satılan kartofun kilosu indi 70 qəpiyə, həmişə 60 qəpiyə satılan soğanın kilosu isə indi 45 qəpikdir. Alıcıların sayına gəlincə isə satıcı onların sayından razıdır. Deyir ki, kifayət qədər alıcı var.



Bayram alış-verişinə görə bazara üz tutan Samirə Məmmədova deyir ki, bayramqabağı yarmarkanın təşkil olunmasından razıdır: “Hər halda adi günlərdəki qiymətlərlə yarmarkadakı qiymətlər arasında fərq var. Cuzi də olsa büdcəmizə müsbət təsir edir”.

Aliyə Quliyeva isə deyir ki, yarmarkadakı endirimlər onu qane etmir: “Heç birindən razı deyiləm, həmişəki qiymətlərdir”.

Yarmarkada müxtəlif firmaların stendləri var ki, onlar marketlərdə satılan məhsulların firma qiymətinə satışını təşkil edir. Məsələn, “Avrora”, “Veysəloğlu”, “Xırman” və s. firmalar yarmarkada iştirak edir, müxtəlif konfetlər, şirniyyatlar, çay, yağ, çərəzlər və s.-i endirimlə satır.

Məsələn, şirniyyatlarda endirim cəmi 2%-dir. Satıcı deyir ki, firma məhsulları firma qiymətinə satılır, marketlərdəki qiymətlərdən aşağı olur. Çərəzlərdən isə qoz ləpəsinin kilosu adi vaxtda 10 manata satılırsa, yarmarkada 8 manata satılır. Fındıqığın kilosu adi vaxtda 6 manata satılırsa, burada 5 manat 50 qəpikdir.



Yumurtanın qiymətində də marketdəki qiyməti ilə müqayisədə fərq var. Belə ki, “Təzə Bazar”dakı yarmarkada yumurta 10 qəpiyə satılır.

Süd məhsulları da yarmarkada endirimlə satılan məhsullardandır. Satıcı süd məhsullarının marketlərdəki satış qiymətini bilməsə də vurğuladı ki, yarmarkada onlar firma qiymətinə satılır.

“Veysəloğlu” firmasının gətirdiyi məhsullarını satan Sadiq Şiriyev deyir ki, onların satdığı məhsullarda 15-20 % endirim var: “Məsələn mayonez marketdə 3 manat 30 qəpiyə satılır, biz 3 manata satırıq. “Ulduz” şokolad fabrikinin də məhsullarını satırıq, 15-20%-lik endirim onlara da şamil edilir”.

Bəzi məhsulalrda endirimin çox az olmağını isə satıcılar belə izah edir ki, həmin məhsul Azərbaycanda istehsal olunmur: “Məsələn, kiçik qabdakı smetan marketdə 1 manat 30 qəpiyə satılır, yarmarkada isə onun qiyməti 1 manat 23 qəpikdir. Bu smetanlar Rusiyadan idxal olunur. Onu idxal edən firma yarmarkada məshulu aldığı qiymətə satır. Ona görə də endirim azdır”.

Ümumilikdə məhsullarda ciddi qiymət fərqi olmasa da gözümüzə kifayət qədər alıcı dəydi.

Fatimə Kərimli
Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti