Dənizə axıdılan çirkab suların qarşısı alınıb

Dənizə axıdılan çirkab suların qarşısı alınıb
  03 Yanvar 2014    Oxunub:2765
Bakı şəhəri və ətraf qəsəbələr qarşıdakı illərdə fasiləsiz içməli su ilə təmin olunacaq.
Qarşıdakı illərdə Dövlət Proqramına uyğun olaraq Bakı şəhərinin ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov demişdir. O bildirmişdir ki, həmin işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaq.

Səhmdar Cəmiyyətinin sədri görülən işlərdən də danışaraq qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilən, uzun illər lillənərək suburaxma qabiliyyətini 50 faizədək itirən 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi avadanlıqla yuyularaq təmizlənib. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6 min metr kanalizasiya xətləri yenilənib və ya bərpa edilib.

Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində Bakı buxtasına sutka ərzində axan 170 min kubmetrə qədər çirkab su Hövsan Aerasiya Stansiyasına yönəldilib. Stansiyada görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılıb, lilin emalı ilə bağlı ən yeni texnologiya tətbiq olunub.

Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilib. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınıb.


Teqlər:  





Xəbər lenti