Çəmənlik, aftafa və...

Çəmənlik, aftafa və...
  10 Fevral 2013    Oxunub:3457
Vüsalə Məmmədova

Gəlin Sizə bir sual verim. Lap Həkim Baba hara getsə yazıb “o qutusuna qoyduğu” kimi bir sual. Amma bir az sim, bir qanlı daş parçası qədər asan olmayan bir sual. Hazırsız? Başladıq.
Çəmənlik, şəlalə, lalələr, çobanyastığı, bir neçə parçalanmış nar, dişlənilməmiş alma-armud, qoz-fındıq, bir-iki paxlava qırığı, şəkərbura, aftafa, samovar, armudu stəkanda çay, İşəri Şəhərin divarları, bəd ayaqda Qız Qalası, Şəki Xan Sarayının pəncərələri, yamyaşıl bir kənddəki hasar, milli geyimli, gözü “quşlu” gəlinciklər. Açması?

Siz cavabı tapana qədər mən yazımı yazım.

Gəncliyi yola saldıq... Gedənin arxasınca danışmayacam, amma gənclərdən danışacam...

Dünən xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun Gənclər Gününə həsr olunmuş birgə layihəsi - “Gəncləşən Muğam-4” adlı gənc xanəndələrin konsertində oldum. Açığı layihə rəhbərlərinin ifasında, simasında daha çox gənclik təravəti, ruhu hiss olunur və ya bu mənə belə gəlir. Amma konsertdən, daha doğrusu gəncləşən muğamımızdan danışaq.

Muğamı saatlarca dinləyə biləcək qədər sevmirəm və bunda da bir qəbahət görmürəm. Təbliğatı belə olsa da, mənim üçün dünyada illah da seviləcək deyilən bir şey yoxdur. Mən muğamı gözlərini yumub dinləyənlərdən, ya bir zəngulə eşidən kimi ruhun toparlayıb kəndə göndərənlərdən, ya da ağlayanlardan deyiləm. Amma bir neçə muğamçı var ki, onların ifasında ruhum bədənimi tərk edir... Onların ifasə mənə qeydbən gələn səs kimidir... çağırır və aparır... haralara... bax bunu deməyəcəm. Bu deyiləcək və yazılacaq mövzu deyil. O yerlərə kimsənin girməsi, o yerləri kimsənin gözü qarşısında sərgiləmək doğru deyil, mənə görə...

Mənsum İbrahimovu da o ifaçılardan hesab etdiyimdən bu qarmaqarışıq vaxtımda məkanımı dəyişmək ümidi ilə konsertə getdim...

Mənə görə səhnəyə çıxan adam kim olur olsun, ən çirkin, ən istedadsız, fərqi yoxdu, gözəlliyi təbliğ etməlidir. Ruhu oxşamalıdır. Çox təəssüflə deyirəm ki, muğam ifaçıları arasındakı xanımlar hansısa kənddə qız toyuna gedən ev qızların xatırladır. Bilmirəm ki, bu qədər zövqsüz geyimi, saç düzümü və makıyajı necə düşünüb tapmaq olar. Hələ üstlərindəki bir kilo qızıldan heç danışmıram.

Səhnədə olmaq istəyən adam başa düşməlidir ki, ev qızı obrazı burda keçmir. Onda get mətbəxində oxu. Bu saat deyəcəksiz mən xanəndələrin soyunmağın istəyirəm, amma Fərqanə Qasımovanı misal çəkəcəm. Səhnəyə hicabla çıxılmasını qəbul etməsəm də, Fərqanə onu zövqlə təqdim edir. Məncə çox estetik həllini tapıb. Onun hicabındakı rənglərə fikir verin, ifası ilə necə uzlaşır... Mənə maraqlı deyil onu özü edir, ya stilisti var. Bu onun şəxsi işidir, tamaşaçıya nəticə lazımdır. Bunu digər xanımlar niyə etmir? Çıxış yolunu milli kostyumlarda görürlər...

Səhnəyə çıxan xanımlar arasında ancaq estrada səhnəsindən gələnlər zövqlü, səhnəyə yaraşan görkəmdə idilər. Qalanları isə ifaları hətta akademik olanı belə, səhnə estetikasından uzaq idi. Birinci, uzun libasları ilə davrana bilmirlər, addım atmaq üçün ətəklərini çox yuxarı qaldırırlar və bu da səhnədən çox üzr istəyirəm, çırmanmaq təsiri bağışlayır. İkincisi, səhnə yüksək dabanı sevsə də, o çox təhlükəlidir. Çünki səhnədən təkcə onun səsi ilə çıxan çox xalq artisti olub. Onların kimliyini həmin gənclər məndən yaxşı bilir. Yəni o yüksək dabanlı ayaqqabıları geyinməzdən öncə onun üzərində gəzməyi öyrənməlisən ki, sabah ya zəlzələdən, ya vəlvələdən səhnədən təkcə onun səsləri ilə gedəsi olsan addımını elə atasan ki, dabanlardan da səs çıxmasın. Və ya yaxşı ifa edib alqışlarla gedəndə arxadan tamaşaçı hiss etsin ki, səhnədən qadın keçir, kimsə qonşunun ayaqqabıların geyinib laxlamır...

Hələ də başa düşmürəm niyə kişilər, cavan oğlanlar başı açıq, uşaqlar buxara papaqla muğam ifa edir. Bu sirri də mənə açan olsa sevinərəm. (Oğlanlar demişkən, səhnədə qadın varsa, iş çətinləşir... O mənada ki, oxuyub, baş əyib pərdə arxasına qaçmaq olmaz. Birinci cəmi bircə addım arxaya çəkilib yanındakı xanıma yol vermək lazımdır)

Mən onu da başa düşmürəm ki, əgər o dəfi çalmayacaqsansa niyə əlində tutursan. Harasınısa gizlədirmiş kimi təsir bağışlayır axı... Əgər gənc xanəndələr qaval vura bilmirsə bu muğamın harası gəncləşib?

Çox uzatmayım, yəqin sualın cavabın tapdız: MUĞAM!

“Nə əlaqəsi?” deyənlərə: səhnədə quraşdırılmış iki böyük monitor konsertin sonuna qədər yuxarıda sadaladığım zadları göstərdi. İnsafən cəmi bir dəfə aftafa, meyvə-tərəvəz, şəlalə təsvirindən gözümüz dincəldi. “Qarabağ Şikəstəsi” ifa olunanda monitorlarda iki kadr dəyişirdi: Şuşa və Ağdam məscidi!

Gəl anla anlayacağını... Bu da sənət! Bu da məni göylərə qaldırıb ruhumu pərvazlandıracaq muğam... Hətta nəyi dinləyəndə nəyi təsəvvür etməliyəm, onu da rahatca düşünüb tapırlar. Bəzən fantaziyalarını zorlamaq qarşındakının ruhunu zorlamaqdır.

P.S. “Gəncləşən muğam”a gəlincə, gənc qalmaq olar, amma gəncləşmək ancaq plastik əməliyyatla mümkün olur. O da kimə gərək ruh qoca olandan sonra? İçli-çöllü, forma və məzmun etibarı ilə gəncləşən muğamı isə ayaq üstə alqışlayardım.


Teqlər:  





Xəbər lenti