Çernobıl əlilləri sosial təminat sistemi ilə əhatə olunublar
Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.
Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat, 2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat) də verilir.
Bununla yanaşı, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir.
Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslərin, habelə bu kateqoriyadan olmuş və vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət verilir.
Bundan əlavə, həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.
Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatı da həyata keçirilib.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.
Azvision.az
Teqlər: ƏƏSMN