“Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür” - Prezident

  29 Aprel 2020    Oxunub : 2504
 “Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür” - Prezident
Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz.
İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 98-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində söyləyib.

AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin noyabr-dekabr aylarını əhatə edir.

Çoxcildliyin 98-ci kitabına Prezident İlham Əliyevin Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimindəki çıxışının mətni və bu ölkəyə işgüzar səfəri, habelə Azərbaycana gəlmiş İordaniya Haşimilər Krallığının Kralı II Abdullah bin Əl-Hüseyn, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşləri, eləcə də bir sıra dövlətlərin yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi haqqında materiallar toplanıb.

Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.

Kitabda oxucular dövlətimizin başçısının Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdə dərin məzmunlu çıxışının mətni, XXV beynəlxalq “BakuTel-2019” sərgisində təmsil olunan müxtəlif ölkələrin nümayəndələri ilə görüş və söhbətlərinə dair materiallarla da tanış ola bilərlər.

Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı “ASAN həyat” kompleksinin açılış mərasimində çıxışının mətni, zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılan şəraitlə tanışlığı, Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirakı, habelə Bakı Gəmiqayırma zavodunda inşa olunmuş ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirakı haqqında ətraflı məlumatlar da yeni nəşrdə yer alıb.

Azərbaycan Prezidentinin Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının iştirakçılarına məktubu və digər məktublar da 98-ci kitaba daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 98-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.



Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev