Ağıllı qarışqalar

  07 Yanvar 2014    Oxunub : 569
Ağıllı qarışqalar
Fazil MUSTAFA

Ölkədə səhiyyənin vəziyyətini, ərzaq təhlükəsizliyi problemini hamımız təlaş içində dilə gətirməyə alışmışıq. Əslində bu sahədə insanların əldə etmədiyi bilgilər o qədər çoxdur ki, bu mövzuda hələ soyuqqanlı danışa bilirlər. Ancaq ölkənin gələcəyini az-çox fikir süzgəcindən keçirən duyarlı vətəndaşlar anlayırlar ki, səhiyyə, təhsil və ərzaq təhlükəsizliyi sahəsində durum o dərəcədə vahimdir ki, uzun illər sonra bunun fəsadlarını ortadan qaldırmağa, sadəcə, sağlamlığımız yetərli olmayacaq.
Burada söhbət yalnız adı çəkilən sahələrdəki yarıtmaz idarəçilikdən getmir. Vətəndaş bir tərəfə, vəzifəli şəxsləri, millət vəkillərini belə dinləməyə həvəsi olmayan əhli-keyf səhiyyə naziri və ya inhisarçılıq imtiyazı hesabına genetik kodu dəyişən ərzağı, sağlamlığa açıq zərərli maddələrdən hazırlanan qidaları illərdir vətəndaşa yedirdən başqa səlahiyyət sahibləri problemin üzdə olan tərəfləridir. Hamiləlik dövründən Azərbaycan qadınının və dünyaya göz açan körpənin hansı həyati risk altında olduğunu bilməyən az adam tapılar. Acınacaqlısı budur ki, bu sahələrin ciddi nəzarət altında saxlanması, ərzaq məhsullarına, dərmanlara, içkilərə nəzarət etmək, sadəcə, imkansızdır. Bu sahələrdə illərdir mövcud olan inhisarçılıq hesabına ciddi qaydalar tətbiq etmək mümkün deyil. Kimsə pul qazanmalıdır deyə, saxta su, alkoqol, tütün məhsulları, meyvə-tərəvəzlər, bir sözlə, çeşidli qida məhsulları insanların vücudlarına doldurulur, ardından da yayğınlaşan xəstəliklərin müalicəsi üçün saxta dərmanlar vücuda yeridilir və yaşamaq üçün son ümid yeri axtaran insan başqa ölkələrin xəstəxanalarının qapısında gözləməyə məhkum olunur.

Faciəmizə baxın, rayondan gələn qohumumun danışdığı epizod kifayət edər ki, az-çox nəticə çıxaraq. Adam qarışqa yuvasının yanına bir az “Teksun”, bir az da “Azersun” yağı tökmüş, on metr uzaqda isə təmiz inək yağı yerləşdirmiş. Qarışqalar yuvadan çıxaraq yaxındakı yağa əhəmiyyət vermədən on metr aralıdakı təmiz yağın içinə doluşmuşlar. Qarışqalar artıq vəziyyətin rusca olduğunu anlamışlar, bircə qalır Azərbaycan vətəndaşları...

Deyəsən, vətəndaşlarımız da artıq bir sıra məqamları anlamağa başlayıblar. Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun həkim səhvindən yanlış müalicə olunmasının nəticələri barədə açıqlamaları, tanınmış jurnalistlərin yaxınlarının həkim səhvi və məsuliyyətsizliyi ucbatından həlak olması, uşaq ölümlərinin yüksək həddə olması işin bilinən tərəfləri olduğundan, insanlar çox da dərindən düşünməyə həvəs göstərmirlər. Ancaq fakt budur ki, Azərbaycan ailələrinin xeyli hissəsində bu səhiyyəyə ümid qalmadığı birmənalı olaraq düşüncələrdə yerləşmiş ki, xəstəsini, yükünü götürən hər kəs imkanına görə marşrutunu təyin edir: İranmı, Rusiyamı, yaxud Türkiyəmi, Avropamı? Bu marşrutlara üz tutmağımız həm də bizim yüksək məbləğlərdə pul vəsaitimizin başqa ölkələrin səhiyyə sektorunun qidalandırılmasına yardımı deməkdir. Xatırlayıram ki, ölkədə səhiyyənin bərbad durumunu dilə gətirərkən hər dəfə siyasi opponentlərin verdiyi cavabların başında bu ardıcıllıqla düzülmüş sözlər gəlir: Bu qədər yeni açılan və ya təmir olunan xəstəxanaları, poliklinikaları, möhtəşəm diaqnostika mərkəzlərini görmürsünüzmü? Bizdə də artıq orqan köçürməsi başlayıb, tibbi təhsilin inkişafı üçün ciddi vəsait xərclənir, əlillər üçün reabilitasiya mərkəzləri açılır. Cavab verirəm ki, bunların olmasını kim inkar edir ki? Bu qədər vəsaitin heç olmazsa müəyyən qisminə nələrsə açılmalıydı. Burada söhbət ayrı-ayrı epizodlardan deyil, səhiyyənin müasir dünya standartlarına yaxınlaşmasından, əhalinin bütün təbəqələri üçün əlçatanlığından, tibbi sığorta sisteminin işləməsindən, xidmət mədəniyyəti və xidmət məsuliyyətindən gedir ki, bunlarla bağlı problemlər aşıb-daşır.

Bir neçə ay öncə Türkiyədə rast gəldiyim bir təsadüfü heç cür unuda bilmirəm. Tanışlarımdan birinə baş çəkməyə getdiyimdə xəstəxanada bir neçə millət vəkili həmkarımızla qarşılaşıb həmsöhbət olmuşdum. Bakıda yanlış müalicə olunmuş övladlarını Türkiyəyə təkrar götürmüşlər və müayinədən keçirəndən sonra rahatlamışlar ki, diaqnozlar düzgün qoyulmayıb. Həmkarlarımızın əksəriyyəti, xüsusilə də səhiyyənin vəziyyətini ağızdolusu tərifləyənlər, eləcə də əksər vəzifəli və imkanlı şəxslər nədənsə bütün müalicə-profilaktika tədbirlərinə görə dərhal Türkiyə və ya Avropa xəstəxanalarına yönəlirlər.

Müstəqilliyə girəndən bəri vaxtaşırı tibb işçilərinin maaşının qaldırılmasından, islahatlardan, dərman qiymətlərinin doğru tənzimlənməməsindən, pasientin hüquqlarının qorunmamasından, tibb təhsilinin aşağı səviyyəsindən, ana və uşaq ölümündən, ərzağın və qidaların fəsadlarından danışılır. Ancaq hələ də bu sahəyə sağlam və məsuliyyətli yanaşma hiss olunmur. Nə qədər ki, Azərbaycanda bu sahələrə ideoloji yanaşma ortadan qaldırılmayacaq, süni inhisarçılıq ortadan qalxmayacaq, bu, insanlara peşəkar xidmət sektoruna çevrilməyəcək, kadr dəyişikliyinin də, köklü islahatlara başlamağın da bir mənasını görmürəm.

Hərdən düşünürəm ki, ermənilər nədən dağın başından snayperi tuşlayıb əsgərlərimizi öldürürlər. Gəlib bizim səhiyyənin real vəziyyəti ilə, yediyimiz qidalarla tanış olsalar, bizim özümüzün özümüzə necə ölüm hökmü kəsdiyimizi görərlər və özlərini izafi əziyyətə salmazlar.

Bu problemləri çözmək üçün, sadəcə, qarışqalar qədər ağıllı olmaq yetərlidir, məncə...

Teqlər: