“Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır” - Baş prokuror

  13 İyun 2020    Oxunub : 2581
 “Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır” -  Baş prokuror
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrdə dinamik inkişafa, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına nail olunmaqla, beynəlxalq standartlara uyğun hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Baş prokuror qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi sayəsində qazanılan nailiyyətlərin miqyasına görə bu gün ölkəmiz beynəlxalq aləmdə qabaqcıl mövqelərə yiyələnib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edən "regionların inkişafı” dövlət proqramlarının uğurla icrası Azərbaycanı dünyada islahatçı ölkə kimi tanıdıb, məhz həmin proqramların icrası nəticəsində aparılan sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib, iqtisadiyyatın əksər sahələrində yüksək artım əldə olunub. Sosialyönümlü siyasət yeridən dövlət başçısı ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgiləyib, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atılıb. İqtisadiyyatın sürətli inkişafı ordu quruculuğuna da təkan verərək ölkənin müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərib, iqtisadi inkişafa müvafiq olaraq hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha da yaxşılaşmasına şərait yaradıb.

2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan ordusunun təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha bütün dünyaya ordumuzla düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını göstərməklə yanaşı, istənilən an Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu nümayiş etdirib. Hazırda Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə müdafiə edərək ayrı-ayrı ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdür. Dövlət başçısı bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır".

K.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməsi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atması, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməsi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşması ölkəmizin gələcək uğurlarını daha yaxın edir:

"Dövlət başçısının dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyasının üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bu gün müstəqil Azərbaycan öz siyasi dəstxəti, dövlətçilik siması, inkişaf yolu olan dövlətdir. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmış, dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti müstəqilliyimizin praktik olaraq gerçəkləşdirilməsini təmin edib. Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquqi prinsiplər əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən Azərbaycan hökuməti ölkənin geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan edib, bunu əməli fəaliyyəti ilə sübuta yetirib. İqtidarın xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Müasir Azərbaycan dövlətinin inkişaf tarixi qeyd etməyə əsas verir ki, müstəqilliyimiz və suverenliyimiz etibarlı əllərdə olmaqla respublikanın uğurlu və davamlı tərəqqisinin əsasını təşkil edib. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanmaqla onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti nəticəsində daha da möhkəmləndirilmiş müstəqilliyimiz və suverenliyimiz sayəsində sabitlik və təhlükəsizlik şəraitində yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, mərkəzində Azərbaycan xalqı, onun qayğı və maraqları olan müdrik dövlət siyasəti ölkə vətəndaşlarının öz dövlətinə və Prezidentinə inamını və etibarını gündən-günə daha da artırır, xalqla iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqı və dövlətin həyata keçirdiyi siyasətdir, xalq-iqtidar birliyi ölkənin uğurlarının əsas şərtidir".

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sosial məsələlərə xüsusi önəm verilməsi bu sahədə təqdirəlayiq nəticələrin, böyük uğurların əldə olunmasına, insanlara göstərilən qayğının yüksək həddə çatdırılmasına şərait yaratmış, sosial yönümlülük həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətinə çevrilib. Bunu dünyada son dövrün ən böyük qlobal bəlasına və probleminə çevrilmiş, ən inkişaf etmiş ölkələri belə ciddi sınağa çəkmiş koronavirusla bağlı mübarizə sahəsində dövlət başçısının rəhbərliyi və nəzarəti altında görülən çox önəmli qabaqlayıcı tədbirlər vətəndaşların maksimal dərəcədə qorunmasına imkan yaratmaqla dövlətin daim öz vətəndaşının yanında olduğunu, onun qayğısına qaldığını növbəti dəfə təsdiq edib. Əhalinin geniş təbəqələrinin yardımla və sosial-iqtisadi dəstəklə təmin olunması, dövlətdən yardım alan insanların sayının 3 dəfə artırılaraq 600 minə çatdırılması, pandemiyadan zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqqının böyük hissəsinin dövlət tərəfindən ödənilməsi, eyni sayda sahibkara dövlət dəstəyinin verilməsi, koronavirusla bağlı mübarizədə 3.5 milyard ümumi dəstək paketinin nəzərdə tutulması dövlətin humanist mahiyyətini, mərkəzində Azərbaycan vətəndaşı dayanan dövlət siyasətinin həyata keçirilməsinin, insan həyatının və sağlamlığının hər şeydən üstün tutulmasının göstəricisidir.

Aparılan mütərəqqi islahatlar, qlobal pandemiya ilə mübarizə fonunda ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələri üzrə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkə iqtisadiyyatının dayanıqlığının möhkəmləndirilməsi üzrə görülən cəsarətli addımlar, makroiqtisadi sabitliyin təmini üzrə mühüm tədbirlərlə yanaşı, sosial məsələlərin həlli ön planda saxlanılmaqla pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək proqramı, elektron sistemlər üzərindən proaktiv xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilməklə, onların davamlı tərəqqisi təmin edilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə imzalanmış fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılmasının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olmaqla əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır", - deyə Baş prokuror qeyd edib.

Azvision.az

Teqlər: Baş-prokuror   Kamran-Əliyev