“ANS-dən çıxmaq üçün 4 dəfə ərizə yazdım” – MÜSAHİBƏ

“ANS-dən çıxmaq üçün 4 dəfə ərizə yazdım” – MÜSAHİBƏ
  15 Yanvar 2014    Oxunub:9751
“Prezident məndən soruşdu ki, hamı gedib sən niyə qalmısan. Dedim ki, müsahibə almaq istəyirəm”
ANS televiziyasının keçmiş aparıcısı , hazırda interpress.az saytının redaktoru Amil Hacıyevin AzVision.az-a müsahibəsi.

-Nə baş verdi, niyə ANS televiziyasını tərk edib saytda işləməyə qərar verdiniz?

-Jurnalist də bir əsgər kimidir. Nə vaxt, harada olacağına özü qərar vermir. Doğrudur, qərarın böyük hissəsi özünə aid olsa da , amma heç kim harada və nə işlə məşğul olacağını bilmir.

-Keçmişə qayıdaq, necə oldu ki, ANS-də işlədiniz?

-Mən jurnalist olana qədər çox yerdə işləmişəm. 2002-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub qiyabi şöbədə təhsil almışam. Həmin dövrlər ərzində fəhləlikdən tutmuş “konduktorluğa” qədər çalışmışam.

2004 –cü ildə ANS televiziyasında aparıcı müsabiqəsi keçirilirdi. Ora qatıldım. Son dördlüyə qalmışdım.



O zaman, həmçinin BDU -da Nəsiman Yaqublu jurnalist qəzeti açmışdı. Həmin qəzetdə bir-iki yazım dərc olunmuşdu. Sonra ANS -də jurnalistika kursları açıldı və sənədlərim elə qabaqcadan televiziyada olduğu üçün məni ora dəvət etdilər. 3 ay kurs keçdim. Kursdan sonra imtahan verdim. İmtahan zamanı ən yüksək nəticə göstərənlərdən biri mən idim. Mirşahin Ağayev, Seyfulla Mustafayev və Vahid Mustafayev, imtahanı götürən bu 3 şəxs idi. Seyfulla Mustafyevin imtahanından 4 almışdım. Seyfulla müəllim xəbər yaradıcılığından dərs keçirdi. Vahid müəllim ümumi jurnalistika , konsepsiya , ANS, Mirşahin müəllim isə sırf redaktor kimi üzərimizdə çalışırdı. İkinci dəfə Mirşahin Ağayevin imtahanından 4 almışdım. 17-16 nəfər idik, onlar arasında 4 alan yalnız mən oldum. Bu, məni ANS -də qala biləcəyimə daha da ümidləndirmişdi. Sonuncu imtahan zamanı Vahid Mustafayevdən 5 aldım. Beləliklə iki “4” və bir” 5”, mənim Qənirə Paşayevanın yanında təcrübə keçməyimə şərait yaratdı. O zaman 21 yaşım hələ tamam olmamışdı. 2005-ci ilin fevral ayı idi. Xəbərçidə “stajor” müxbir idim. Sonradan məni Rəşad Abbasovla birgə “İç xəbər”ə keçirdilər. Ləman Əşrəfqızı kimi əjdaha redaktorumuz , Fidan Quliyeva, Lalə Nurəddinqızı kimi həmkarlarımız var idi.



-İlk reportajınızı necə xatırlayırsınız?

-İlk reportajım, yadımdadır ki, Balakəndə xiyar istixanalarından olub. “İç xəbər”də də oynaq dil mütləq idi. Obrazlı yazmalı tələb olunurdu. Xəbərlərdən gəlmiş adam kimi bu mənim üçün çox çətin idi. Yadıma gəlir ki, ilk yazımı Fidan Quliyeva yazmışdı. Belə- belə iç xəbərdə fəaliyyət göstərdim. Daha sonra aparıcı oldum. Fidan Quliyeva, Səbinə Heydərova, Nərmin Abbasova , Kəmalə Quliyeva , Lalə xanımla, ən çox isə Billurə Məmmədova ilə efirdə olmuşam. Hətta 8 martda İlqar Mikayıloğlu ilə birlikdə aparıclıq etmişik. Həmin gün ANS də xanımlara istirahət verilmişdi.

- Kifayət qədər səs-küylü reportajlarınız da olub.

-Bəli, xüsusilə də qadın alveri ilə bağlı reportajim. Və “İç xəbər”də işləyərkən mən hesabat verilişi üçün də reportajlar hazırlayırdım. Bir sözlə, ANS- də sayılıb-seçilən aparıcılarla birgə işləmişəm. Bir il, 5 aya yaxın Mirşahin Ağayevin tok-şousunda çalışmışam, həmçinin onun “Hesabat” verilişinin prodüseri olmuşam. Ans- in arxivi ilə orada tanış oldum. Həmin arxivləri görən 5-6 adamdan biri də mənəm. Elə yazı yazmağı da orada öyrənmişəm. Demək istəyirəm ki, analitik jurnalistikanı Mirşahin Ağayevdən öyrənmişəm.

Hər zaman “ Xəbərçi” də işləməyi arzulayırdım. Mənim bu istəyimə “İç xəbər”in kollektivi təəccüblə yanaşırdı, hətta zaraftla deyirdilər ki, sən “satqınsan”. Düzdür “İç xəbər” həddindən artıq reytinqli veriliş idi. Bu gün də hamı məni həmin proqramın aparıcısı kimi yadında saxlayıb.

Sonralar vəziyyət elə gətirdi ki, 2008- ci ildə Seyfulla Mustafayevin yanına getdimvə bildirdim ki, mən “Xəbərçi”də işləmək istəyirəm. O da razılaşdı, -“dərhal gəl, orada oğlan aparıcı yoxdur”-dedi. O zaman orada bir Aydın Mirzəyev idi, bir də Anar Cəbrayıllı. Anarı Seyfulla müəllim iqtisadiyyata bölməsinə qaytarmaq istəyirdi. İlqar Mikayıloğlu da “İç xəbər”in direktoru idi. Məni buraxmırdı. Buna görə də, mən sentyabrın 15-nə qədər gözləməli oldum. Ayın 15-dən efirə “Xəbərçi”nin aparıcısı kimi çıxdım. Efir təcrübəm olmasına baxmayraq yenə də həyacanlı idim.

- Orada çalışarkən yadınızda qalan ən maraqlı informasiya və ya hadisə hansı oldu?

- Maraqlı hadisə Qırğızıstana səfərim zamanı baş vermişdi. O zaman Qırğızıstanda inqilab idi , təyyarə reysi Bişkekə yox dərəcəsində idi. Səfirliklə danışdım. Operatorumuz Azər Qarayevlə birgə Türk hava yolları ilə Qırğızıstana bilet tapdıq.



Seyfulla müəllim Mirşahin Ağayevə dedi ki, bəlkə təcrübəli adam göndərək. Mirşahin müəllim isə “təcrübə yığmaq üçün gərək gedib işləsin” deyərək cavab verdi. 7 gün Qırğızıstanda qaldıq. Qırğızıstanın hazırki prezidentdən və Roza Atımbayevadan eksklüziv müsahibə aldıq. Prezidentdən müsahibə almaq üçün saat yarım gözlədik. Deməli, dünyanın ən nəhəng mətbuat nümayəndələri bir qədər gözlədikdən sonra səbirləri tükənib getmişdilər.

Prezident məndən soruşdu ki, hamı gedib sən niyə qalmısan? Dedim ki, müsahibə almaq istəyirəm. Bildirdi ki, vaxtı yoxdur, dedim üzr istəyirəm siz ayaqyoluna neçə dəfə gedirsiniz, dedi, “mənim böyrəklərim xəstədir deyə mən tez-tez”. Eybi yoxdur, hər dəfə ayaqyoluna gedəndə dəhlizdə 3 dəqiqə vaxtınız gedir. Elə bu 3 dəqiqə ərzində bir sualıma cavab verərsiniz .
Prezident güldü və məni otağına dəvət etdi. Bir sual on beş sual oldu.

- Həmçinin keçmiş prezident Kurmanbek Bakiyevin evində də maraqlı hadisə olmuşdu. Belə ki, inqilabçılar onun evini yandırıb talamışdılar. Gördük ki, jurnalistlər evin ətrafına yığışıb. Soruşduq ki, nə baş verib , dedilər bilmirik, evin içindəki insanlar çox aqressivdilər jurnaistləri içəri buraxmırlar, risk edə bilmirik. Bəlkə də indiki ağlım olsa idi oraya girməzdim. Lakin çılğınlıq olsa da, özümü sübut etməli idim. Operatorumuzla evin içinə girdik.

Təsəvvür edin nə dediyini anlamadığımız 60-70 nəfərin arasına düşdük. Hamı qışqırırdı ki, bəs “bizi çəkirsiniz, sonra da deyirsiniz ki, bunlar soyğunçudur, talançıdır”. Orada bir diskussiyamız oldu, soruşdum ki, bu ev kimindir. Dedilər bizimdir. Dedim məgər siz gəlib öz malınızı aparırsınız, niyə soyğunçu olursunuz ki ?! Biz sadəcə olaraq sizin fikrinizi öyrənmək istəyirik. Bir nəfər ağsaqqal haradan olduğumuzu soruşdu , dedim , Bakıdan. Sən demə o da vaxtilə BDU- nun məzunu olub. Gəlib bizi qucaqladı və s. Onun köməkliyi ilə Bakiyevin evindən xüsusi reportaj edə bildik. Həmin insanın sayəsində az da olsa orada etibar qazana bilmişdik.

Bizi çay süfrəsinə dəvət etdilər. Həmin ağsaqqal bizə dedi ki, çayı içməsəniz hörmətsizlik sayılacaq. Orada çayı kasada içirlər. Bizim çay içdiyimiz kasanın içində isə milçəklər sanki yarışa çıxmışdılar. Başqa variantımız yox idi, məcburən çayı içdik. Azər Qarayev şahid oldu ki, mən həmin gün nə vəziyyətə düşdüm evin içində. Ancaq reportajımızı edə bildik.

- Gürcüstanda mitinqdə döyülməyiniz də yaddaqalan olub....

-Biz elə mitinqlərdə çalışırıq, polisin arxasında işləyək ki, təhlükəsiz keçinək.

Bir kənarda dayanmışdıq, qəfildən biz tərəfə tüstü bombası atdılar. Ukraynadan olan xanım jurnalist ona baxmaq üçün əlinə götürdü. Bomba onun əlində açıldı və tüstü onun gözünə doldu, yerə yıxıldı. Polislə qarşıdurma başladı. Mən xanımı götürüb qırağa çəkmək istəyirdim. Operator da kömək edirdi. Bir anda qaynar nöqtənin mərkəzinə düşdüyümüzdən xəbərimiz belə olmadı.

Operator, Azərbaycan – Gürcüstan münasibətlərini nəzərə alaraq operator “Azərbaycan - Azərbaycan” deyə qışqırdı.

Sonra ikimizdə bir yerdə qaçanda polislər bizə də hücum etdi. Hətta polis dəyənəyindən ikisi ona, ikisi də mənə dəymişdi. Ağrısı iki saatdan sonra keçdi. Həmin hadisəni biz görməyə də bilərdik. Çünki bizim təyyarə reysimiz saat 12-də idi. Və həmin vaxt mən “Salam Azərbaycan” verlişinin redaktoru idim . Vahid müəllim göstəriş vermişdir ki, Amil səhər saat 8-də işinin başında olsun.



Mirşahin Ağayev mesaj yazdı ki,” nə edirsən et, bir bəhanə tap qal”. Bəhanəni də ki, allah yaratdı. Hava şəraiti pis idi, ildırım, şimşək, Azərbaycana gələn təyyarə reysi təxirə salındı. Səhəri gün saat 8-də Gürcüstanı tərk etdik.

- Sabirabadda Kür daşqınları zamanı başınıza gələnlər barədə nə deyə bilərsiniz ...

- Orada 13 gün ardıcıl işlədim. Məcburən ekskavatorun içində hadisə yerinə getməyimiz də oldu, məmurlar ilə diskusiyalarımız zamanı rüşvət təklif edənlər də... Üstəlik zəhərləndim də.

Adını çəkməyəcəm bir general yaxınlaşıb dedi ki,” burada jurnalistlər var ki, onlara pul verilir. Sən niyə istəmirsən? Dedim ki, cənab general mənə yaxşılıq etmək istəyirsinizsə, kömək edin həmin məmurlar pul əvəzində gündə mənə bir müsahibə versin. Özüm də dərhal Seyfulla müəllimə zəng edib, bu barədə məruzə etdim. Dedi ki, xəbərim var. Artıq həmin general ona zəng edib demişdi.

Mən məhz ANS -də olan bu prinsipin sayəsində orada Etibar Piriverdiyevdən eksklüziv müsahibə, sonra Əli Həsənovdan, Etibar Əliyevdən müsahibə ala bildim.



Həmçinin, Saatlı hadisəsi zamanı hazırladığımız bir xəbər də böyük səs-küyə səbəb olmuşdu. Biz vertolyotla havaya qalxıb kadrlar çəkməli idik, məsələni FHN-nin müavini Orucəli Hacıyevlə razılaşdırmışdıq. Sadəcə olaraq həmin vaxt Saatılı istiqamətində iki kənd dağılmışdı. Mən ANS-ə belə bir xəbər vermişdim ki, Sabirabadın iki kəndi köçürülür. Özümüz də çəkmişdik. Başlıq qoymuşdular ki, “Sabirabad köçürülür”. Təsəvvür edin, geri qayıdıb görürsən ki, Abid Şərifov, Daxili işlər nazirin müavini , FHN-nin müavini səni axtarır. Sonra məsələni aydınlışdırdıq.

Fövqəladə hallar zamanı baş verə hadisələri operativ və dolğun çatdırmaqda ANS-in rəqibi yoxdur. Harada, nə vaxt, nə etmək lazım olduğunu onlar bilirlər.

Bu dəqiqə araşdırmaçılıq baxımından Ləman Əşrəfqızı “əjdaha” jurnalist hesab olunur. Mən söz oynatmağı Ləmandan öyrənmişəm. Nə vaxt zəng edib , hal-xətir soruşsam, Ləmanın bir cavabı var- ”üzərimdə işləyirəm”.

Yadıma gəlir ki, “İç xəbər”də bir xəbərə görə danlanmışdım. Səbəb haqqında danışılan adamın adı idi. Məmmədov Məsuliyyət Cəmiyyət oğlu adında şəxs maşınla adam vurmuşdu. Mən də xəbəri belə təqdim etmişdim ki, “Məmmədov Məsuliyyət Cəmiyyət oğlunun məsuliyyətsizliyi cəmiyyətin bir üzvünün ölümünə səbəb oldu”. Elə başa düşmüşdülər ki ölən adam həmin adamdır. Mövzumuza uyğun, ya da baməzə adlarla bağlı söz oynatmağı sevirdik. Bu Ləmanda daha uğurlu alınırdı. Ləmanla həmişə yardıclıq sahəsində qırğınlarım çox olub. Çək- çevirdən sonra da demişəm “Ağbirçək” gəl gedək bir çay içək.

- Çətin müsahibləriniz olubmu, danışdıra bilmədiyiniz ?

-Müsahiblərimin içində ən çətini Xələf Xələfov olub. Ona sual vermişdim ki, Türkmənistanda prezident seçkilərindən sonra nə kimi dəyişikliklər gözləyirsiniz, lakin yarım saat ərzində eyni sualı təkrarlasam da istədiyim cavabı ala bilməmişdim. Yaxşı diplomatdır.

Danlanmışam da , efirdən də uzaqlaşdırılmışam, maaşımdan da kəsilib. Hamısı da öz səhvimlərim ucbatından olub.

Efirə üzütüklü çıxa bilərəm, deyə mübahisələrim olmuşdu, çıxmışdım da. Buna görə də 3 ay efirdən kənarlaşdırıldım. Amma bu mənim xeyrimə oldu. Çünki məzuniyyət vaxtı aparıcı qıtlığı var idi. Mən də belə olan halda rahat məzuniyyətimi götürüb çıxmışdım.

Maaşa gəlincə isə televiziya üçün yüksək idi. Yəni ANS televiziyalar arasında yüksək maaş verən kanallardan idi.

-Bəs idman sahəsinə necə keçdiniz ? “Xəbərçi”, “İç xəbər” hara, idman hara ?

-O zaman Gündüz Abbaszadə “Nefçi”yə mətbuat katibi getmişdi. Mehman Rəsulov da həmçinin işdən ayrılmışdı. ANS-də Xose Bernardo , Namiq Abbbasov, Kənan Hakimov qalmışdı. Bu da idman üçün çox az kollektiv sayılırdı. Namiq Abbasov gecə növbəsində çalışırdı.

Xose Bernardo da işə “çox məsuliyyətli” olduğu üçün Kənan Hakimov “kontrabasda tək qalmışdı”. Elə oldu ki, ANS-in baş direktoru Sevda Həsənova ilə söhbət edirdik . İdmanla bağlı sual verdi. Mən cavab verdim. Dedi ki, idmandan başın çıxır? Dedim,çıxır. Çünki Asif Bağırov dostumuz idi, Gündüzlə yaxşı münasibətlərimiz var idi, İlqar ilə dost idik. İdman sahəsinə marağım böyük olduğu üçün, istənilən idman növü ilə maraqlanırdım . Düzdür, şahmatda Namiq Abbassova çata bilmərəm. Sonda idman departamentinə redaktor təyin edildim.

- Çətin olmadı ki?

-Yox, nə isə çətinlik olan kimi Asif Bağırova zəng edirdim. O da məmnuniyyətlə cavab verirdi. Hamı qıraqdan , elə bilir ki, idman sahəsi “xaltura”dır, asandır və s. Əslində isə idman jurnalistikası ilə məşğul olmaq çətindir.



Bu sahə elədir ki, eksklüziv xəbərlər mütləq çox olmalıdır. Çalışmalısan ki, əlaqələrin yaxşı olsun. Özəl məlumatların olsun. Mən elə burada işləyə -işləyə 2012-cı ildə Bakıda keçirilən qızlar arasındakı dünya çempionatında media menecer seçilmişdim. Gecələri ANS-də işləyirdim, gündüzlər isə orada.

Daha sonra milli komanadanın oyunlarına da dəvət edirdilər, yardım edirdik. Sonra ən böyük arzuma çataraq idman sahəsində şərhçi oldum. Türkiyə- Xorvatiya oyununu şərh etdim. Türkiyədə stadionda mən oldum, İlqar Mikayıloğlu isə Bakıdan şərh etdi. Fənərbaxça-Qalatasaray oyunun şərh etdim.

- Asif Bağırov şərhinizi necə qiymətləndirdi?

-Asif təsəlli verdi.

- Yeri gəlmişkən bildiyimə görə nifrət etdiyiniz klublar var...

- Dünyada ən nifrət etdiyim “Real Madrid” , “Qalatasaray” , “Yuventus” klublarıdır. Barselona ilə, Fənərbaxçaya fanatlıq edirəm.

- Və nəhayət ...

-ANS-də 10 ilim tamam idi, ayrılıq məqamı gəldi. Qarşılqlı razılaşma əsasında telekanaldan ayrıldım. ANS-də ərizəsi yazılıb-cırılanlar çox olub. Mən özümü nisbətən o kateqoriyaya aid edirəm. 4 dəfə ərizə yazmışam. Birinin qarşısnı Murad Hüseynov alıb, digərlərini isə Mirşahin Ağayev tərəfindən alınıb.

Mən artıq idman sahəsinə adaptasiya olmuşdum. Özümü burada görürdüm. Sadəcə iş yerimi dəyişirdilər, yenidən xəbərlərə qayıdırdım. Müxtəlif variantlar təklif etdilər. Amma qalmadım. Ərizəmi təqdim etdim və sentyabrın 8-dən etibarən ayrıldım. Bu gün də telekanalla yaxşı əlaqələrim var, ancaq özümü başqa bir sahədə sınamaq qərarına gəldim.

Başqa televiziyalardan təkliflər oldu, getmədim. Çünki ANS televiziyanın “pik” həddindədir.

- Bəs saytda işləməyə necə qərar verdiniz ?

Düzdür saytda işləmək mənim üçün heç də çətin deyil. Amma burada da özümü müvəqqəti hesab edirəm. 2015-ci il Avropa yay oyunları təşkilat komitəsinə sənədlərimi təqdim etmişəm. 2012-ci ildə bu sahədə təcrübəm olduğuna görə, hazırda oradan cavab gözləyirəm. Saytda ilin idman yekunları ilə bağı yazanda fikirləşirdim ki, görəsən bunun bizdə kadrları (video görüntüləri) var? Axı televiziyada biz yazanda fikirləşirik ki, kadrı varsa yazım . Sanki birdən ayıldım ,özüm- özümə güldüm ki, bura saytdır, kadra da ehtiyac yoxdur.

- Nə əcəb klublardan birinə mətbuat katibi olmaq istəmədiniz?

-Klubların hamısnın mətbuat xidməti var. Ona görə də bununla bağlı hansısa təklif olmayıb.

-Deməli özünüzü idmana bağlamısnız ?



- Yox bağlamamışam, bilmək olmaz, sabah mən ANS-ə yenidən qayıda bilərəm. Heç vaxt heç vaxt demirəm. Tez qərar verən insanam. Bu xarakterimə görə, ziyan da çəkmişəm. Elə olur ki, əsəbi halda qərar verirəm. Bir məsəl var, “bildiyini dədəsinə verən deyil”, bax mən eləyəm . Amma işdən də bezən deyiləm. Hazırda planımda ANS-ə qayıtmaq yoxdur. Gərək başqa yerdə bir müddət çalışım özümü sübut edim.




Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti