Ötən il planetdə ən isti illərdən biri olub

Ötən il planetdə ən isti illərdən biri olub
  23 Yanvar 2014    Oxunub:1112
Ötən il Yerdə meteoroloji müşahidələr tarixində ən isti illərdən biri olub.
AzVision.az xəbər verir ki, ötən il Yerdə meteoroloji müşahidələrin tarixində dörd ən isti ilin siyahısına daxil olub.

Bunu yeni tədqiqatlarının nəticələrini dərc etdirmiş, okeanın və atmosferin öyrənilməsi üzrə ABŞ-ın Milli İdarəsindən bildiriblər.

Məlumatda deyilir ki, 2013-cü ildə Yer kürəsində orta temperatur müsbət 14,52 dərəcə olub. Bunun nəticəsində ötən il 1880-ci ildən bəri temperaturun dərəcəsinə görə dördüncü yeri tutub.

Havanın müşahidə olunmasında bir sıra digər metodlardan istifadə edən NASA bildirib ki, 2013-cü il müşahidələr dövründə ən isti illərin siyahısında yeddinci olub.

ABŞ-ın kosmik idarəsinin hesablamalarına görə, ötən il Yerdə orta temperatur 14,6 dərəcə olub.

Okeanın və atmosferin öyrənilməsi üzrə ABŞ-ın Milli İdarəsi, həm də NASA qeyd edib ki, tarix boyu 10 ən isti ildən doqquzu artıq hazırkı yüzilliyə düşmüşdür. Mütləq temperatur rekordu 2005-ci və 2010-cu illərin payına düşüb.

XXI əsrdə orta temperatur ötən əsrlə müqayisədə 0,6 dərəcə, alimlərin temperatur göstəricilərini sistemli şəkildə qeyd etməyə başlamasından keçən 134 illik dövrlə müqayisədə isə 0,8 dərəcə artıb.

Qoddard adına Kosmik Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi Hevin Şmidt NASA-da keçirilən mətbuat konfransında bildirib ki, yeni tədqiqatlar Yerdə iqlimin davamlı dəyişməsi ilə bağlı nəticələri təsdiq edir.

Ekspertin sözlərinə görə, bu meyil uzunmüddətli perspektivdə davam edəcəkdir. Alimlər karbon qazı tullantılarının atmosferə atılması nəticəsində yaranan parnik təsirini qlobal istiləşmənin əsas səbəblərindən biri hesab edirlər.


Teqlər:





Xəbər lenti