Mühəndislərimiz beynəlxalq quruma üzv seçilib

Mühəndislərimiz beynəlxalq quruma üzv seçilib
  24 Yanvar 2014    Oxunub:1306
Gənc Mühəndislər Birliyi olan “CES (Caspian Engineers Society)” ölkəmizi müxtəlif beynəlxalq mühəndislik qurumlarında təmsil və təbliğ etməkdə davam edir.
Bugünlərdə təşkilat Avropa Milli Mühəndis Assosiasiyaları Federasiyasına üzv seçilib. CES-in mətbuat katibi Günay Sadıqzadənin verdiyi xəbərə görə, bu ilin ilk ayında CES Böyük Britaniya Mühəndislik Şurası tərəfindən rəsmi Azərbaycan təmsilçisi kimi qəbul edilərək, Beynəlxalq Mühəndisliyin “Dünya Xəritəsi”nə əlavə olunub.

Təşkilatın baş katibi Həsən Abbasovun sözlərinə görə, 2014-cü il “Sənaye İli”ndə CES-in üzərinə daha çox məsuliyyət düşür: “Dövlətimizin sənayenin inkişafı yönündə atdığı addımları CES də öz növbəsində dəstəkləyəcək, beynəlxalq biliklərin sənaye proqramları ilə inteqrasiyası və gənc mühəndislərin peşəkar inkişafı üçün bütün qüvvələrimizi səfərbər edəcəyik. Bunun üçün isə beynəlxalq peşəkar mühəndislik qurumları tərəfindən tanınmaq, onların sahib olduğu resursları öyrənmək və istifadə etmək çox vacibdir”.

Baş katib deyib ki, keçmiş 15 sovet sosialist respublikaları arasında beynəlxalq mühəndislik qurumuna və tərtib olunmuş mühəndisliyin “Dünya Xəritəsi”nə cəmi 4 ölkə daxildir - Azərbaycan, Rusiya, Qazaxıstan və Estoniya.

“CES olaraq ölkəmizi beynəlxalq mühəndislik aləmində təmsil etməkdən qürur duyuruq. Qeyd etmək istərdim ki, bu CES-in beynəlxalq aləmdə tanınması hələ 2010-cu ildən başlayıb. Həmin il CES Mançestrdə Britaniya Mühəndislik Şurası tərəfindən keçirilən “İllik Mühəndislik” mükafatları mərasimində təlim-təhsil nominasiyası üzrə 2-ci yerə layiq görülüb”.

Beynəlxalq Mühəndisliyin “Dünya Xəritəsi” ilə burada tanış ola bilərsiniz.


Teqlər:





Xəbər lenti