`Laçın` univermağında yer pulu davası

`Laçın` univermağında yer pulu davası
  29 Yanvar 2014    Oxunub:1324
“Laçın” univermağında işçilər aksiyaya cəhd ediblər. Onlar yer haqqının yüksək olmasından narazıdırlar.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində “Laçın” univermağında işçilər etiraz aksiyası keçirməyə cəhd ediblər. Buna səbəb univermaq rəhbərliyinin fevral ayında 1-ci mərtəbədə işləyənlərin yuxarı mərtəbəyə köçürülməsi ilə bağlı tapşırığıdır.

Satıcıların əməkdaşımıza verdiyi məlumata görə, aşağı mərtəbə alver üçün daha sərfəlidir. Narazılığın əsas səbəblərindən biri də köçürmə prosesi zamanı yeni yerin həcminə görə işçilərdən yüksək məbləğdə pul yığılmasıdır.

Iş yerini itirməkdən qorxaraq adını açıqlamayan bir satıcı bildirib ki, tələb olunan məbləği ödəmək imkanı yoxdur: “Ailəmizi dolandırmaq üçün min bir əziyyətlə səhərdən axşama qədər işləyərək, çörək pulu qazanırıq. Yer haqqının yüksək olması azmış kimi, indi də yerin dəyişdirilməsinə görə əlavə pul tələb edirlər. Tələb olunan 1000 manatı ödəməyə heç kimin imkanı yoxdur. Arenda haqqından əlavə evimizə güclə çörək pulu aparırıq. Kiminsə marağına görə yerin dəyişdirilməsi bizə lazım deyil. Etirazlarımızdan sonra rəhbərlikdən bizə belə dedilər ki, “Siz yanvar ayını, sonra da fevralda köçdükdən sonra da fevral ayının yer haqqını ödəməlisiniz”. Bunların sözündən belə çıxır ki, bir ay bizim ailələrimiz ac qalmalıdır. Tələblərimiz yerinə yetirilməsə, etirazımızı yenidən davam etdirəcəyik. Başqa yolumuz yoxdur”.

Daha sonra etraz edən işçilər bildiriblər ki, rəhbərlik tərəfindən bəzi tələblərin yerinə yetirilməsi ilə bağlı razılıq əldə olunub. Ancaq əgər, həmin tələblərə əməl olunmasa, yenidən etiraz edəcəklər. İş yerləri dəyişdiriləcək digər işçilərin də fikirlərini öyrənmək istəsək də, bu cəhdimiz alınmadı. Çünki iş yerlərini itirmək istəməyən işçilər hələlik hadisələrin necə inkişaf edəcəyini izləmək niyyətində olduqlarını bildirdilər.


Teqlər:





Xəbər lenti