Yol polisindən piyadalara qar xəbərdarlığı

Yol polisindən piyadalara qar xəbərdarlığı
  31 Yanvar 2014    Oxunub:1160
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə daxil olan məlumata görə, sürüşmə nəticəsində 3 piyada yıxılaraq xəsarət alıb.
Ona görə də, İdarə piyadalara da yollarda hərəkət edərkən diqqətli və ehtiyatlı olmağı tövsiyə edir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib

Bundan əlavə, bu gün səhər saatlarından etibarən paytaxtda daha 4 yol-nəqliyyat hadisəsi baş verib: "Hadisələr maddi zərərlə nəticələnib, xəsarət alan olmayıb. Bütün hallarda sürücülər nəqliyyat vasitələrini hadisə yerində qoyaraq uzaqlaşıblar. Hazırda müşahidə kameraları vasitəsi ilə hadisənin baş vermə səbəbləri və sürücülərin kimliyinin müəyyən edilməsi istiqamətində işlər gedir".

Xatırladaq ki, bu gün səhər saatlarınadək paytaxtda maddi zərərin dəyməsi ilə nəticələnən 24 yol-nəqliyyat hadisəsi baş vermişdi.

V. Əsədov qeyd edib ki, hava şəraitindən asılı olmayaraq, qəza törətmiş sürücülər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Bununla yanaşı, bölmə rəisi sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bildirib ki, havanın necə keçməsindən asılı olmayaraq, onlar nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının aydın görünməsini təmin etməlidirlər. Əks halda qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Nəqliyyat Nazirlyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) buz bağlaması ehtimalı olan istiqamətləri açıqlayıb.

NİİM-dən Trend-ə verilən məlumata görə, bəzi yolların buz bağlaması ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət edən sürücülərə daha ehtiyatlı olmaları tövsiyə edilir. Bunlar Bakı-Sumqayıt şossesi - Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü), Abbas Mirzə Şərifzadə küçəsi (İnşaatçılar m/st. istiqamətində), Talıblı küçəsi (Yeni Yasamal), Badamdar şossesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Nobel prospekti, Gəncə prospekti, Heydər Əliyev prospekti (Bağırov körpüsü - tunel) və Qara Qarayev prospektidir.


Teqlər:  





Xəbər lenti