“Azərbaycanın xaricdən heç bir döyüşçüyə ehtiyacı yoxdur” - Vaqif Sadıqov

   “Azərbaycanın xaricdən heç bir döyüşçüyə ehtiyacı yoxdur” -    Vaqif Sadıqov
  07 Oktyabr 2020    Oxunub:2739
Cenevrədə 1879-cu ildən nəşr olunan nüfuzlu “Tribune de Genève” mətbu orqanında Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqovla müsahibə dərc olunub.
Azvision.az xəbər verir ki, “Terroristlərdən istifadə edən tərəf Ermənistan hökumətidir” sərlövhəli məqalədə səfir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ən yeni hərbi təxribatla bağlı suallara cavab verib.

Məqalənin girişində V.Sadıqov sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz və onun mülki əhali üçün nəticələri barədə danışıb. Qeyd edilib ki, iriçaplı silahlar, artilleriya və raket sistemləri ilə mülki yaşayış məntəqələri və infrastrukturu hədəfə alan Ermənistan ordusu oktyabrın 5-dək içərilərində qadın və körpələrin olduğu 24 mülki şəxsi qətlə yetirib və 121 nəfəri yaralanıb. Cənubi Qafqazda ən böyük su elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri raket atəşinə məruz qalıb, eləcə də münaqişə bölgəsindən 300 kilometr məsafədə yerləşən Xızı və Abşeron rayonlarına orta mənzilli raketlər atılıb. Mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəf alan Ermənistan tərəfi 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla humanitar beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri pozur və beynəlxalq humanitar hüquqa əsasən ağır müharibə cinayəti törədir.

Səfir bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın mülki əhalisini qorumaq üçün Ermənistandan beynəlxalq hüquqla daşıdığı öhdəlikləri yerinə yetirməyi və Azərbaycanın mülki əhalisinə qarşı hücumları dayandırmağı tələb etməlidir.

Hazırkı humanitar vəziyyətə diqqət çəkən V.Sadıqov 300-dən çox ev, mülki infrastruktura daxil olan xəstəxana, məktəb və uşaq bağçalarının dağıldığını qeyd edib. Bildirib ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əlaqədədir və beynəlxalq qurumu humanitar vəziyyət, eləcə də mülki əhali arasındakı tələfat barədə məlumatlandırır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin sıx məskunlaşmış yaşayış məntəqələri və şəhərlərin hədəfə alınmasını pisləyən bəyanatını yüksək qıymətləndirən səfir bu bəyanatın erməni tərəfinin Azərbaycanın mülki infrastrukturunu hədəfə almaması üçün ciddi siqnal kimi dəyərləndirib. Bununla belə, o, eyni zamanda, deyib ki, Ermənistan tərəfi Azərbaycan yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Qəzet müxbirinin hadisələrin indiki mərhələdə hansı səbəbdən gərginləşməsinə aydınlıq gətirən V.Sadıqov bildirib ki, Ermənistan BMT-nin 4 qətnaməsində öz əksini tapan beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur. Həmçinin qeyd edilib ki, hazırkı eskalasiyanı Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra ölkə rəhbərliyinin məsuliyyətsiz davranış və hərəkətlərində axtarmaq lazımdır. N.Paşinyan ATƏT Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin format və məzmununu pozmaq üçün səylərini əsirgəməyib. Onun “Qarabağ Ermənistandır” ifadəsi danışıqlara ciddi zərbə vurub və praktik olaraq bütün münaqişələrin həlli prosesini çıxılmaz vəziyyətə gətirib. Üstəlik, Ermənistanın son zamanlar Azərbaycanın işğal olunmuş ərazilərində gücləndirdiyi hərbi əməliyyatlar və qanunsuz fəaliyyətlər, Ermənistan rəsmilərinin “Ermənistanın geri dönməyəcəyini” və ya “heç bir ərazinin Azərbaycana qaytarılması üçün danışıqlar aparmayacağını” açıqlaması ilə müşayiət olunur. Ermənistanın bu yaxınlarda elan etdiyi Milli Təhlükəsizlik Strategiyasında “müharibənin nəticələrini qorumaq” ifadəsi Ermənistanın danışıqlar prosesindəki strategiyasını əks etdirir. Ermənistanın müdafiə naziri də öz növbəsində Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə təhdid edib. Bu aqressiv ritorikaya tam uyğun olaraq və beynəlxalq ictimaiyyətin susqunluğundan və cəzasızlığından ruhlanan Ermənistan bu iyul ayında Tovuz hərbi təxribatını törətdiyi kimi, sentyabrın 27-də Azərbaycana qarşı başqa bir hərbi təcavüz aktına başladı. Azərbaycan Ermənistanın təcavüzünü dəf etmək və Azərbaycan mülki şəxslərinin təhlükəsizliyini təmin etmək üçün öz ərazisi daxilində və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq BMT Nizamnaməsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək qanuni əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Azərbaycan tərəfdən muzdluların döyüşməsi barədə iddialara aydınlıq gətirən səfir vurğulayıb ki, bu ittihamların arxasında Ermənistanın dayanması şübhəsizdir. Azərbaycanın erməni təcavüzünə cavab verməyə və öz ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü Ordusu var. Kifayət qədər insan resursu və ehtiyat hərbçilərə malik olan Azərbaycanın xaricdən heç bir döyüşçüyə ehtiyacı yoxdur. Bu uydurma Ermənistan tərəfindən hazırlanıb və bu yaxınlarda Yaxın Şərqdən terrorçu təşkilatların üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsinə dair xəbərlərə ört-basdır etməyə, eləcə də mənfi beynəlxalq mövqeni kompensasiya etməyə hesablanıb.

Vəziyyətin sabitləşməsi üçün hansı addımların atılmasının tələb olunduğuna dair suala cavab verən V.Sadıqov qeyd edib ki, Ermənistan ordusunun Azərbaycan ərazilərində mövcudluğu münaqişə regionunda sabitliyi pozan əsas amildir. BMT-nin qətnamələrində qeyd edildiyi kimi Ermənistan ordusunun işğal olunmuş əraziləri dərhal, tam və qeyd-şərtsiz tərk etməsi regionda davamlı sülhün bərqərar olması üçün yeganə həll yoldur. Azərbaycan təxminən 30 il ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə sadiqlik nümayiş etdirib və ümid edib ki, Ermənistan rəhbərliyi müdriklik göstərərək münaqişənin həllinin BMT qətnamələrinə uyğun şəkildə dinc yolla həllinə alternativ olmadığını dərk edəcəkdir. Lakin təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətsız çıxışları və hərbi təxribatları danışıqlar prosesini tamamilə pozub və Azərbaycan tərəfi Ermənistanın bu məsuliyyətsiz davranışına daha 30 il dözmək fikrində deyil.

O vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq sərhədləri çərçivəsindəki suverenliyini qəbul etməli, öz hərbi birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması üçün vaxt planı təqdim etməlidir. Bu, münaqişə bölgəsində hərbi qarşıdurmanı dayandırmaq üçün yeganə şərtdir.

Müsahibənin yekununda jurnalist BMT-nin münaqişənin nizamlanmasında oynaya biləcəyi rola dair sual da verib. V.Sadıqov bildirib ki, BMT tərəfindən hələ 1993-cü ildə qəbul olunan 4 qətnamədə Ermənistan ordusunun Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan dərhal, tam və qeyd-şərtsiz çıxarılması əksini tapıb. Hazırkı şərtlər altında BMT-nin göstərə biləcəyi ən yaxşı fəaliyyət Ermənistanı həmin qətnamələrə əməl etməyə və özünün beynəlxalq hüquqla daşıdığı öhdəlikləri yerinə yetirməyə məcbur etməkdir.

Azvision.az


Teqlər: VaqifSadıqov  





Xəbər lenti