Paşinyan “ağ bayraq” qaldırdı - ŞƏRH

 Paşinyan “ağ bayraq” qaldırdı -  ŞƏRH
  09 Oktyabr 2020    Oxunub:4292
Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq beynəlxalq hüquq normaları çərçivəsində başlatdığı əks-hücum əməliyyatları işğalçı ölkəni iflic vəziyyətinə salıb. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə son iki həftədə düşmənə sözün həqiqi mənasında öz yerini göstərdi. Yüzlərlə hərbi texnika, minlərlə silah-sursat ələ keçirən və düşməni xeyli sayda itkilərə məruz qoyan hərbçilərimiz bu gün də döyüşlərdə uğurlar qazanmaqda davam edirlər.
Son günlərdə verdiyi qətiyyətli açıqlamaları ilə dünya mediasının gündəmində olan Prezident İlham Əliyev hərbi uğurlarımızın sıralanmasını, ordumuzun gücünü dəfələrlə vurğulayıb. Ali Baş Komandan daim Azərbaycanın başqa ölkənin torpaqlarında iddiasının olmadığını diqqətə çatdıraraq, döyüş əməliyyatlarının yalnız ölkəmizin tarixi ərazilərində getdiyini diqqətə çatdırıb. Prezident həm də bəyanatları ilə göstərir ki, xalqın mənafeyi hər şeydən üstündür, milli maraqlarımıza zidd olan heç bir güzəşt və addım atılmayacaq.

Son iki həftədə baş verən proseslərlə Azərbaycan tərəfi həm də sübut etdi ki, heç kim bizimlə şərt və diqtə ilə danışa bilməz. Bu gün reallıq odur ki, əvvəllər ortaya yeddi şərt qoyan Nikol Paşinyan indi dünyaya car çəkərək imdad diləyir, döyüşlərin dayandırılması üçün yalvarır, min oyundan çıxır.

Rəsmi İrəvan hələlik boynuna almaq istəməsə də, tam kapitulyasiyanın astanasındadır. Bir il əvvəl hədəyanə danışaraq “Qarabağ Azərbaycandır” deyən erməni baş nazirin bugünkü durumu o qədər acınacaqlıdlr ki, beynəlxalq aləmdə özünə dəstək belə tapa bilmir.

Əvvəlki günlərdə olduğu kimi döyüş bölgəsindəki hərbi əməliyyatlarımız uğurla davam edir və şübhə yox ki, Vətən Müharibəsi Azərbaycanın ərazi bütövlüyünə təminat əldə olunana qədər davam edəcək. Başı daşdan-daşa dəyən Paşinyan iqtidarı, ümumilikdə Ermənistanın gələcək rəhbərləri də bundan sonra ölkəmizlə şərt dilində danışmağa cürət edə bilməyəcək.

Artıq hərbi zəfərlərimizi diplomatik uğurlara çeviməyin zamanı çatıb. Bundan sonra danışıqlar ancaq və ancaq BMT-nin qətnamələri, Helsinki Yekun aktı və nizamlamanın baza prinsipləri əsasında davam edə bilər. Prezidentin dediyi kimi, bizə erməni qoşunlarının ölkədən çıxması ilə bağlı qrafik təqdim olunandan sonra döyüşlərin dayandırılması mümkün olacaq.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar bumeranq effekti ilə onun özünə dəyir. Artıq 13 günlük döyüşlərdən sonra əvvəlki status-kvo tamamilə dəyişib. İndi yeni status-kvo yaranıb və bunu yaradan Azərbaycan Prezidenti İlham Əliyevdir. Ölkəmizin lideri Ermənistanı məcbur etdi ki, Azərbaycanın gücünü qəbul və etiraf etsin. Gözlədiyimiz kimi bu, baş tutdu. Düşmən tərəfi Azərbaycanın gücünü həm döyüş meydanında, həm də diplomatiya müstəvisində gördü.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti