Sumqayıtın qazı kəsilib
Sakinlərin verdikləri məlumata görə, bu gecədən Sumqayıt şəhərində əhaliyə verilən təbii qazın verilməsi qəfil kəsilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Bununla da, onsuz da elektrik enerjisindən məhrum olan minlərlə insan bütün gecəni soyuqdan donub.
Nəzərə alsaq ki, bu gecə Sumqayıtda 8,5 dərəcədən çox şaxta olub, gecənin bir aləmi qəfil qazı kəsilən və onsuz da işıqsız qalmış sumqayıtlıların hansı vəziyyətə düşdüklərini təsəvvür etmək çətin deyil. Uşaqlar, yaşlılar və xəstələr üçün isə bu gecə əsil soyqırım olub. Bu barədə lazımı qurumlara məlumat verilsə də, heç bir tədbir görülməyib.
Sumqayıtda yaranan problemlə bağlı Sumqayıt şəhər Qaz İdarəsinin baş mühəndisi Teymur Vəliyevlə əlaqə saxladıq. Teymur Vəliyevin verdiyi məlumata görə, gecə saat 01:00 radələrində Qaradağ magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən nasazlıq yaranıb. Nəticədə şəhərin təbii qazla təminatında fasilələr yaranıb.
"Hadisə yerinə mütəxəssisləri göndərdik. Nasazlıq aradan qaldırılıb. Artıq Sumqayıtda təbii qazın verilişi bərpa olunub. Çalışacağıq ki, bundan sonra problem yaranmasın”, - deyə Teymur Vəliyev bildirb.
Sumqayıt şəhərinə verilən elektrik enerjisinin kəsilməsinə gəlincə, hələlik Sumqayit elektrik şəbəkəsilə əlaqə saxlamaq mümkün olmadı. Lakin verilən qeyri-rəsmi məlumatlara görə, elektrik enerjisində problemlər şaxtalı havalarla əlaqədar yaranıb. Deyilənlərə görə, tez-tez elektrik xətlərində ayrılmalar baş verir. Lakin hələlik heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.
Teqlər: