“Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik” - Bisera Turkoviç

  16 Oktyabr 2020    Oxunub : 1842
“Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik” -    Bisera Turkoviç
Oktyabrın 15-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Azvision.az -a bildirilib ki, nazir Ceyhun Bayramov, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələri barədə həmkarına məlumat verib. Dinc əhalinin qəsdən hədəf alınması nəticəsində 47 mülki şəxsin öldüyü və 222 nəfərin ağır yaralandığı qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirib və Ermənistanın atəşkəsə riayət etməsinin yalandan başqa bir şey olmadığını qeyd edib. Bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyü vurğulanıb.

Bosniya və Herseqovinanın Xarici İşlər naziri Bisera Turkoviç, azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını və dərin kədərini ifadə edib və bununla əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. B.Turkoviç Bosniya və Herseqovinanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməli olduğunu qeyd edib.

Azvision.az

Teqlər: XİN