Ermənistanın Rusiyaya növbəti xəyanəti

   Ermənistanın Rusiyaya növbəti xəyanəti
  22 Oktyabr 2020    Oxunub:17689
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları İrəvanı çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Ağır döyüşlərin işğalçı ölkədə səbəb olduğu dərin iqtisadi və sosial böhran, hərbi-siyasi tənəzzül Nikol Paşinyan hakimiyyətini darmadağın edir.
Azərbaycan Ordusu ard-arda işğal altındakı torpaqlarını azad etdikcə, erməni cəmiyyətində Nikola və onun yarıtmaz komandasına qarşı kütləvi etirazlar şiddətlənir. Artıq dilə gələn ermənilər ölkənin fəlakətə sürükləndiyini anlamağa başlayıblar. Onlar baş verənlərin əsas səbəbkarının Paşinyan olduğunu çəkinmədən deyərək Azərbaycanın gücü qarşısında aciz qaldıqlarını etiraf edirlər...

Ölkə daxilində ciddi təzyiqlərlə üzləşən saqqalı baş nazir hər yola əl atır ki, hakimiyyətinin ömrünü uzada bilsin, inqilabla, daxili təlatümün gətirdiyi ağır faciələrlə taxtdan atılmasın. Dünyanın demək olar ki, bütün liderlərinə və beynəlxalq təşkilatlarına telefon açmaqda Ermənistanın bir nömrəli telefonçusu adını qazanan Paşinyan indi də xilas yolunu NATO-da axtarır.

Döyüşlərin ilk günündən Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməyə çalışan, lakin istəyinə nail ola bilməyən Paşinyan prezident Armen Sarkisyanı təcili Brüsselə, NATO ilə danışıqlara göndərib.

Uzun sürən yalvarışlardan sonra Ermənistan prezidenti NATO Baş katibi ilə görüşə bilib. Danışıqların detalları açıqlanmasa da, şübhəsiz ki, erməni prezident aldığı təlimə uyğun olaraq NATO rəhbərliyinə Rusiyanın bir nömrəli düşməni olan bu təşkilata tərəf əyilməyə hazır olduqlarını bəyan edib. Çünki rəsmi İrəvan Rusiyanın müharibəyə üçüncü tərəf kimi müdaxilə edib, Azərbaycanı dayandıracağını xəyal etsə də, təxribatçı plan baş tutmadı. Əksinə Moskva Paşinyana "böyük qardaş" kimi siyasi bəyanatlarda aşkar dəstəyini göstərmədi, bitərəf mövqeyini qorudu. İndi A.Sarkisyanın NATO dəhlizində Ermənistanın KTMT-dan gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənməsi, son ümidlərinin ancaq NATO-ya qalmasını dilə gətirməsi İrəvanın Moskvaya növbəti xəyanətidir.

Onu da qeyd edək ki, Ermənistan əvvəldən Kremlin düşmənlərinə - Sorosa qapı açmaqla regionda öz maraqları olan Moskvaya xəyanət etdiyini ortaya qoymuşdu. Hətta bu xəyanətin izlərini müharibədən sonra İrəvanın öz xarici siyasətini NATO və Avropa İttifaqına doğru istiqamətləndirəcəyini açıq şəkildə bəyan etməsində də görmək olar.

Paşinyan hakimiyyəti mövqeyini gizlətmədi və indi NATO rəhbərliyi ilə görüşdə bu kimi məsələlərin müzakirəsi şübhəsiz ki, Rusiyanı daha çox qıcıqlandıracaq və İrəvanın xəyanəti cavabsız qalmayacaq.

Bu məqamda vurğulayaq ki, Ermənistanın Qafqaz regionunda Rusiyanın forpostu olmasına baxmayaraq, xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin genişləndirdiyi müşahidə olunur.

Belə ki, 2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı “ISAF” missiyasında (46 nəfər) daha sonra “Qətiyyətli Dəstək Missiyasında” (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı “UNİFİL” missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki “MINISUMA” missiyasında Fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Yeri gəlmişkən qeyd edək ki, işğalçı ölkənin rəhbərliyi hazırda Ermənistan ordusundakı ciddi əsgər çatışmazlığı problemini ayrı-ayrı ölkələrdə olan sülhməramlılarını geri çağırmaqla ört-basdır etməyə çalışır. Buna nümunə olaraq Ermənistanın Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkməsini göstərmək olar.

Sülhməramlı əməliyyatlarda iştirakın coğrafiyasından və həm qərb ölkələri, həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından belə nəticəyə gəlinir ki, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasətin mühüm bir vasitəsi kimi istifadə edir. Belə ki, ermənilər dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssürat yaratmaq, eyni zamanda, Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə, beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə, sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar. Ermənistan bir tərəfdən sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiyaya, Rusiya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa, digər tərəfdən isə Rusiyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərir.

Hazırda Azərbaycanın qarşısında diz çökən, rəzil duruma düşən Ermənistan rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu və sonunun yaxınlaşdığını hiss edir. Bu mənada Rusiyadan və KTMT-dakı digər müttəfiqlərdən hərbi dəstək gəlməyincə, ağlını itirən Paşinyan tərəddüd etmədən Moskvadan üz döndərib Avropaya yönəldi. Ermənistan dövlətinin indiki gərgin situasiyada Qərbə istiqamət alması və Rusiyaya düşmən mövqedə duran NATO-ya minnətçi düşməsinin yalnız bir adı var - Moskvaya qarşı böyük xəyanət.

Təcrübə göstərir ki, Moskva heç vaxt xəyanəti bağışlamır. Şübhə yox ki, bu dəfə də belə olacaq və Paşinyan öz xəyanətinin cəzasını alacaq. Onu nə Soros, nə də NATO xilas edə biləcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Putin   Xəyanət   Rusiya   Paşinyan  





Xəbər lenti