Koronavirusa yoluxmayaq, Ordumuza dəstək olaq!

 Koronavirusa yoluxmayaq, Ordumuza dəstək olaq!
  22 Oktyabr 2020    Oxunub:3180
Son günlər ölkədə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Oktyabrın 21-ə olan məlumata əsasən, Azərbaycanda koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, beləliklə, ölkədə aktiv xəstələrin sayı 5503 nəfərə yüksəlib.
COVID-19 infeksiyasına yoluxma hallarının kəskin artması, sanitar-epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah bir müddət əvvəl bəzi məhdudiyyətlərin tətbiq olunmasına qərar verib. Lakin məhdudiyyətlərin tətbiqi ilə yanaşı, vətəndaşlar Operativ Qərargahın təlimatlarına, qaydalarına da düzgün riayət etməlidir.

Bu gün Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirir. Hər gün işğal altındakı torpaqların azad olunmasını, düşmənin hücumlarının dəf edildiyini eşidirik. Belə bir zamanda arxa cəbhədə infeksiyaya yoluxanların sayının artması ön cəbhədə gedən döyüşlərə də təsir edə bilər. Hərbi vəziyyət rejimində özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən və ön cəbhədə döyüşən hərbçilərimizi xəstəliklərdən müdafiə etmiş olarıq.

Hazırda hər bir azərbaycanlı işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını istəyir, hər gün Ali Baş Komandanın xalqa müraciətini, azad olunan torpaqlar barədə xoş xəbərlərini səbirsizliklə gözləyir və coşqu ilə qarşılayır. Biz bu uğurların davamını görmək, Qarabağın erməni işğalından tezliklə azad olunmasını istəyiriksə, əsgərlərimizə yardım etməliyik. Özümüzü COVID-19 infeksiyasına yoluxmaqdan qorumalıyıq. Çünki belə vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir. Həkimlərimiz də əsgərlərimiz kimi ön cəbhədə vuruşmağa can atır, hər bir yaralı əsgəri həyata qaytarmaq üçün mübarizə aparır və qələbədə əsas pay sahibidirlər. Koronaviruslu xəstələrin sayının çoxalması artıq həkimlərimizin bu istiqamətə yönəlməsinə səbəb olacaq.

Əsgərlərimiz ön cəbhədə illərdir torpaqlarımızı işğal altında saxlayan mənfur düşmənlə döyüşür, Azərbaycana qalibiyyət bəxş edirsə, biz də arxa cəbhədə gözə görünməyən düşmənlə mübarizə aparıb koronavirusa qalib gəlməliyik. Bu, hər birimizin vətəndaşlıq borcu və mənəvi öhdəliyimizdir.

Əlbəttə, tarixi uğurlara imza atan Azərbaycan ordusuna hər kəs dəstək olmaq istəyir və bunu müxtəlif formada edir. Lakin indiki həssas məqamda əsgərlərimizə ən vacib yardım, ən böyük dəstək öz sağlamlığımızı qorumağımızdır. Biz başa düşməliyik ki, COVID-19 virusu ilə mübarizə həm də Orduya dəstək deməkdir. Bu gün kütləvi tədbirlərdən uzaq durmalı, əgər belə tədbirlərdə iştirak etməli olsaq, maska taxmalı, qoruyucu vasitələrdən istifadə etməli və məsafəni saxlamalıyıq. Özümüzü qorumaqla Vətənimizi də qorumuş oluruq. Ölümcül xəstəlikdən qorunmaqla müzəffər Azərbaycan Ordusunun qələbələrinə töhfə verə və Qarabağı işğaldan azad olumuş görə bilərik. Hər şəy bizdən asılıdır. Məsuliyyətli olaq ki, tarixi anlara şahidlik edək!

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Ordu   Dəstək  





Xəbər lenti