Lütfi Zadə üçün unudulmaz GÜN - FOTOLAR

Lütfi Zadə üçün unudulmaz GÜN - FOTOLAR
  04 Fevral 2014    Oxunub:6601
Bu gün görkəmli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin doğum günüdür.
AzVision.az-ın məlumatına görə, məşhur alim bu gün 93 yaşını qeyd edir.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. Lütfinin atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. Eyni zamanda Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Burada Fanya adlı bir xanımla ailə həyatı qurub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. 1944-cü ildə Tehran Universitetini uğurla başa vurduqdan sonra ABŞ-a gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.



Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Ötən əsrin 80-ci illərində bu nəzəriyyədən yapon alimləri yararlanmaq qərarına gəliblər. Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. İndi həmin nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq edilir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 000-dən çox istinad edilib.

Lütfi Zadənin həyat yoldaşı Fanya Zadədir. İki övladı var - Stella Zadə və Norman Zadə.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti