“İtaliya münaqişənin nizamlanmasında mühüm rol oynaya bilər”

  27 Oktyabr 2020    Oxunub : 1989
 “İtaliya münaqişənin nizamlanmasında mühüm rol oynaya bilər”
Hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Minsk qrupu yaradılan vaxt, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İtaliyanın Rai-1 telekanalına müsahibəsində səsləndirib.

“Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi”, - deyə dövlətimizin başçısı bildirib.

1990-cı illərin ortalarında bu cür təkliflər olduğunu, hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qrupların İtaliyaya və Aland adalarına səfər etdiklərini xatırladan Prezident deyib: “Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev