“GÖSTƏRİR BAKI!” - 58 il əvvəl ilk efir

  14 Fevral 2014    Oxunub : 930
“GÖSTƏRİR BAKI!” - 58 il əvvəl ilk efir
Bu gün Azərbaycan Televiziyasının yaranmasından 58 il ötür. Azərbaycan Televiziyası 1956-cı ilin bu günü fəaliyyətə başlayıb. İlk verilişi o dövrdə gənc aktrisa olan Nəcibə Məlikova təqdim edib.

“Göstərir Bakı!” sözləri ilə çıxışına başlayan aktrisa tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Daha sonra isə həmin gün “Bəxtiyar” filmi nümayiş etdirilib.

Televiziyanın ilk diktorları sırasında Nəcibə Məlikova ilə yanaşı Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədovun adını çəkmək olar.

İlk vaxtlar Bakı studiyası həftədə iki dəfə efirə çıxırdı. Daha sonra isə həftədə 3 dəfə 2 saatlıq proqramla efirə çıxmağa başladı. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.
2005-ci ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi. İlk illərdə efirə verilən verilişlər isə əsasən bunlar idi: “Azərbaycan bəstəkarlarının portretləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan ədəbiyyatının klassikləri”, “Görkəmli səhnə ustaları”, “Bakının teatr və konsert salonlarında”, “Lenin mükafatı laureatları”, “Məktəb və həyat”, “Xalq drujinaçısı”, “Bizim qonaqlarımız”, “Festival qarşısında” və s. 2009-cu ildən Azərbaycan Televiziyasının nəznində “İdman Azərbaycan” kanalı yaradıldı. Kanal idman sahəsində ixtisaslaşıb. Kanal mütəmadi olaraq beynəlxalq yarışların, çempionatların canlı yayımını təşkil edir. Bundan başqa idmanla bağlı analitik verilişlər də efirə verilir.

2011-ci il fevralın 14-də isə Mədəniyyət kanalı yayıma başlayıb.

Fatimə Kərimli

Teqlər: