Xeyli narkotik vasitə dövriyyədən çıxarıldı
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Seyfəli kənd sakini 36 yaşlı Famin Məmmədov saxlanılıb. Şöbədə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı məlum olub ki, Famin Məmmədov uzun müddətdir narkotik vasitələrin alqı-satqısı ilə məşğul olur. Elə həmin narkotik vasitəni də satış məqsədi ilə həmyerlisindən alıb.
Famin Məmmədov: “Mən həmin narkotiki 20 manata Musadan aldım. Sonra isə 30 manata satmaq istədim. Bu zaman polislər məni tutdular. Həmişə ondan 20 manata alıb, 30 manata satırdım”.
Məlumat əsasında Musaməddin Əliyevin evinə baxış keçirən polis əməkdaşları oradan külli miqdarda narkotik vasitə aşkarlayıblar. Məlum olub ki, Musaməddin Əliyev illərdir dolanmanın yolunu narkotik əkib-becərməkdə tapıb.
Aysel Həsənova, təhqiqatçı: “Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının Müsaməddin Əliyevin Seyfəli kəndindəki yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin müxtəlif yerlərindən ümumi çəkisi 2 kiloqram, 510 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb”.
Polis tərəfindən saxlanılan Musaməddin Əliyev narkotik əkib-becərdiyini və satışı ilə məşğul olduğunu etiraf edib. O bildirib ki, mövsümlə əlaqədər olaraq narkotik əkib-becərib, sonra isə qurudaraq müştərilərə satırmış.
Musaməddin Əliyev: “Əkdim ki, özüm istifadə edim. Bir neçə dəfə Alı kimi tanıdığım həmyerlimə satdım. Sonuncu dəfə bir neçə gün əvvəl satmışdım”.
Hazırda Şəmkir polisi Famin Məmmədov və Musaməddin Əliyevin ətrafında araşdırmaları davam etdirir.
Teqlər: