FHN Fransa səfirliyində təlim keçirdi

FHN Fransa səfirliyində təlim keçirdi
  15 Fevral 2014    Oxunub:1240
Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçirilib.
Bu gün Fransanın Azərbaycandakı səfirliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

FHN-dən AzVision.az-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlıqlarının daha da artırılmasından ibarət olub.

İki mərhələdə keçirilən təlimin birinci hissəsi ssenariyə uyğun olaraq Fransanın Azərbaycandakı səfirliyinin inzibati binasında şərti yanğın baş verməsi barədə FHN-in “112” xidmətinə məlumat verilməsi ilə başlayıb. Məlumat əsasında nazirliyin Baş Əməliyyat İdarəsinin, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Tibb və Dövlət Yanğın Nəzarəti xidmətlərinin qüvvələri şərti hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə edilməsi məqsədi ilə ərazidə nazirliyin əməliyyat qərargahı açılmışdır.
Yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədi ilə nazirliyin şərti hadisə yerinə ilk növbədə daxil olan motoxilasedici qrupu tərəfindən kəşfiyyat tədbirləri həyata keçirilmişdir. Kəşfiyyat tədbirləri zamanı aşkar olunan zərərçəkmiş insanlara ilkin tibbi yardım göstərilmiş, nazirliyin “112” xidməti və hadisə yerinə cəlb olunan bölmələrin rəhbərləri əməliyyat şəraiti barədə məlumatlandırılıb.

Nazirliyin motoxilasedici qrupunun ardınca əraziyə daxil olan yanğınsöndürmə, xilasetmə və ilkin həkim yardımı bölmələri birgə fəaliyyətdə insanların xilas olunması, xəsarət alanlara ilkin həkim yardımı göstərilməklə tibb müəssisələrinə təxliyəsi və yanğının söndürülməsi üzrə tədbirlərin yerinə yetirilməsini nümayiş etdirmişlər.
Taktiki-xüsusi təlimin ikinci mərhələsi şərti olaraq baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatıb.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye təlimin keçirilməsi ilə bağlı minnətdarlığını bildirib.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Teqlər:





Xəbər lenti