İndoneziya Xocalını andı - FOTO

İndoneziya Xocalını andı - FOTO
  15 Fevral 2014    Oxunub:1301
İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünün anım mərasimi keçirilib.

İslam Konfransı Gənclər Forumundan verilən məlumata görə, "İstiqlal" məscidində cümə və camaat namazları zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər.
"İstiqlal" məscidində cümə namazı zamanı İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş on minlərlə adama geniş məlumat verib və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etmələrinə çağırıb.

Camaat namazları zamanı "İstiqlal" məscidində təxminən 120 min insan iştirak edir. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər E.İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.


Teqlər:  





Xəbər lenti