Qəbələ rayonunun 100 mininci sakini dünyaya gəldi

Qəbələ rayonunun 100 mininci sakini dünyaya gəldi
  16 Fevral 2014    Oxunub:1448
Qəbələ rayonunun yüz mininci sakini dünyaya gəlib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayonun Mirzəbəyli kəndinin sakinləri Samid və Seyranə Kərimovların ailələrində ikinci övlad dünyaya gəlmişdir. Lakin gənc ailə yeni doğulan körpənin rayonun yüz mininci sakini olduğunu bilmirdi. Bu xoş xəbəri ailəyə rayon statistika idarəsi çatdırıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, KİV əməkdaşları Rayon Mərkəzi Xəstəxanasına gələrək Kərimovlar ailəsinin sevincinə şərik olublar. Yüz mininci sakinin anası Seyranə Kərimova özünü xoşbəxt hesab etdiyini və bu şərəfin onun övladına nəsib olması ilə qürur duyduğunu bildirmiş, xəstəxanada müayinə və müalicə olunanlara çox böyük diqqət və qayğı göstərildiyini qeyd etmişdir. Əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən Seyranə Kərimova rayonun yüz mininci sakini olan övladının adını Azərbaycan Prezidentinin şərəfinə İlham qoyduqlarını deyib.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova gənc ananı təbrik edərək ona gül dəstəsi və xatirə hədiyyələri təqdim ediblər. Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Telli Babayeva Qəbələnin yüz mininci sakininin sağlam, çəkisinin və boyunun normaya uyğun olduğunu bildirib.


Teqlər:





Xəbər lenti