AQTA sahibkarlara müraciət edib

AQTA sahibkarlara müraciət edib
  30 Yanvar 2021    Oxunub:2720
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, müraciətdə deyilir:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən dünyanın 35 ölkəsində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi aşkarlanan bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Həmçinin, aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yüksək patogen quş qripi aşkarlanan ölkələrdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edilir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl agentlik və ya onun regional bölmələri vasitəsilə həmin məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür”.

Müraciətdə qeyd olunur ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir. Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsindən sonra həyata keçirilməlidir.

Sahibkarların nəzərinə çatdırılır ki, indiyədək Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tərəfindən ərazisində yüksək patogen quş qripi xəstəliyi aşkarlanmış ölkələr sırasına Rusiya, Bolqarıstan, İran, İsrail, Almaniya, Polşa, Hindistan, Slovakiya, Rumıniya, Macarıstan, Ukrayna, Çexiya, Çin, Səudiyyə Ərəbistanı, Vyetnam, Filippin, İraq, Qazaxıstan, Niderland, İngiltərə, Yaponiya, İsveç, Fransa, Xorvatiya, Belçika, Koreya, İrlandiya, Şotlandiya, Litva, Şimali İrlandiya, Kamboca, Küveyt, İtaliya, Danimarka və Amerika Birləşmiş Ştatları daxildir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

Azvision.az


Teqlər: AQTA   Sahibkar   Müraciət  





Xəbər lenti