AQTA növbəti monitorinqlərə başladı

AQTA növbəti monitorinqlərə başladı
  02 Fevral 2021    Oxunub:1768
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı fevralın 2-dən 6-dək növbəti epizootoloji monitorinqlər keçirəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Ağzıbir, Sarısu və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək.

Eyni zamanda, həmin müddətdə Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Xızı, Salyan, Neftçala, Hacıqabul, Lənkəran, Cəlilabad, Masallı, İmişli və Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçikhəcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Siyəzən, Xaçmaz, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkəsində, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.

Azvision.az


Teqlər: AQTA   Monitorinq  





Xəbər lenti