“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Azvision.az -a açıqlamasında bildirib ki, Gürcüstanda azərbaycanlıların az olması, onların qapalı icma şəklində yaşamaları, bu hadisələrin təsadüfən üzə çıxması hələ də orada köhnə qaydaların, adət-ənənələrin qorunduğunu göstərir.
“Onlar bu adətlərə sığınaraq cəzanın mövcudluğunu dərk etmirlər. Azərbaycan mühitində əksər insanlar bilir ki, 18 yaş tamam olmadan qızların nikaha sövq edilməsi cinayətdir, cəzadır və bununla bağlı hüquqi tədbirlər görüləcək. Bəzi insanlar da var ki, qanundan kənar qaçmaq istəyirlər. Hansısa formada öz istəklərini reallaşdırmağa çalışırlar. Fikirləşirlər ki, qızı erkən yaşda nişanlamaq və evləndirməklə ona yaxşılıq edir, neqativ təsirlərdən qoruyur. Valideyn gəncin özünün qərar qəbul etməsi kimi qanuni və psixoloji hallara qarşı olduğu üçün bu addımı atdığını deyir və düzgün fikirləşdiyini zənn edir. O düşünür ki, belə etməklə övladına yaxşılıq edir. Əslində övladının azadlığını, təhsil hüququnu, qərar qəbul etməsini əlindən alır və onu yönəldir”.

M.Zeynalova qeyd edib ki, övladlarını erkən yaşda nikaha məcbur edənlər “azadlıq” sözünə başqa anlam verir və onu əxalqsızlıq kimi qəbul edirlər.
“Onlar hesab edir ki, qızlara azadlıq verilsə, övladları əxalqsızlıqla üzləşə bilər. Bəziləri də qızı artıq yük hesab edir, onu tez evləndirməklə əlavə xərclərdən xilas olmağa çalışır. Bir çox amillər uşaq nikahlarına təsir edir. Biz hələlik bunlarla mübarizə aparırıq. Qanunvericilikdə cəzalar var. Düzdür, ölkəmizdə 11 və 13 yaşlı uşaqların nikaha sövq edilməsi halları yoxdur. Lakin 15-16 yaşda qızların ərə verilməsi halları müşahidə edilir.
Düşünürəm ki, bununla da mübarizə aparılmalıdır. Uşaqların düşüncə azadlığını, öz müqəddaratlarını həll etmək azadlığını onlara verənə qədər mübarizə davam etməlidir. Əgər uşağa kiçik yaşlardan təhsil yox, evlənmək barədə fikirlər söyləyirsənsə, o, könüllü şəkildə razılıq verəcək. 11 yaşlı qızın videosunda onun necə sevincli olduğu görsənirdi. Mühit onu sevindirirdi ki, guya hamıdan qabağa düşdü, o, arzuolunandır, yoldaşlarından fərqli olaraq onu alıblar. Sanki bazarda mal alınır. “Almaq” sözü belə aşağılayıcıdır. Uşaqlara seçim hüququnu öyrətməliyik, özünün seçimini, özünün düşüncəsini formalaşdırmalıyıq. Biz hələ ki, uşağa uşaq kimi baxırıq və düşünürük ki, övladlarımızın yerinə qərar qəbul etməklə ona yaxşılıq edirik. Bu düşüncə tərzi dəyişməlidir”.
Aytən Zəhra
Azvision.az