Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş

 Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş
  12 Fevral 2021    Oxunub:2608
Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.
Azvision.az xəbər verir ki, bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasıyası 2014-cü ildə aparılıb:

"2014-cü ildə aparılan yaş verifikasıyası zamanı onun yaşının çox şişirdildiyi məlum olmuşdur. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib".

Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:

"Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub".

Azvision.az


Teqlər: AMEA   Pensiyaçı  





Xəbər lenti