Publika.az-da bir gün- FOTOREPORTAJ

Publika.az-da bir gün- FOTOREPORTAJ
  22 Fevral 2014    Oxunub:8192
Günlərin bir günü AzVision.az-ın əsas işçiləri geyindi-kecindi, çanta beldə, diktofon əldə düşdülər yola..Az getdilər, üz getdilər, Dərnəgül metrosundan sonra 15-20 dəqiqəlik “dərə-təpə” yolu düz getdilər... Piyada getdikləri üçün külək yolboyu üstlərinə deyindi...Ora qovdu, bura qovdu, nəhayət “Teleqraf MMC” yazılan qapını görəndə onlar da susdu, külək də...

Beləliklə, “Redaksiyada bir gün” adlı layihənin əsgərləri bu dəfə publika.az saytının qonağı oldu.
Saytın adına görə,(publika-ictimaiyyət deməkdir) bizi qapıda böyük bir kütlənin qarşılayacağına inanmışdıq. Duzsuz zarafat oldu deyəsən.. Nə isə keçək əsas mətləbə...Amma mətləbdən öncə mətbəxə keçdik. Küləyin qurutduğu boğazımızı yaşladıq, sonra “kəşfiyyata” başladıq...

Bələdçimiz - redaktor Cəmaləddin Həsənoğlu bizi publika.az-ın heyəti ilə tanış edir...Aydın olur ki, saytın heyəti iki otaqda səngər qurub...
İlk olaraq, özlərini “QAXSIMIŞLAR”adlandıranların otağından başladıq. Niyə qaxsımış? Az sonra...



“Suyunuzu it gününə qoymuşam, onun dərdini çəkmirsən...”
İqtisadiyyat şöbəsinin kuratoru Leyla Əliyevanı söhbətə tuturuq
-Niyə belə sakitsən...
--Mən? Sakit?(gülür, redaktor Əziz Əlibəyli kənardan replika atır - “əvəzolunmaz sakit”).
-Yazı yazanda ən çox kim mane olur sənə?
-Əziz, Odər. Qol olanda ikisi də qışqırır.



-Əziz kənardan yenə replika atır: “Adam redaktorunu satmaz”.




Eybi yox, biz gedənnən sonra cəzalandırarsız.

-Bəs sən necə reaksiya verirsən?

-Ta neyniyim, tale ilə barışmaq lazımdı.

Taleyi ilə barışsa da, Leyla deyəsən “Qızıl Quyu”nun rəhbəri ilə hələ barışmayıb.

“Bir dəfə “Qızıl Quyu”nun suyundan yazmışdım, onun rəhbəri gəlib deyir ki, sən niyə yazmısan ki, biz limonatları Azərsunun krantından gələn sudan hazırlayırıq?Kişinin dərdi o idi ancaq. Qışqırırdı mənim üstümə ki, sən niyə onu yazmısan? Dedim suyunuzu it gününə qoymuşam, onun dərdini çəkmirsən, krant suyunun davasını döyürsən mənimlə. Bütün hamı krant suyu içmir?”



Leyla ilə söhbətimizi bitirib, iki gündür işə başlayan Kənan Hacıya xeyir-duamızı verdik.
-Yeriniz rahatdırmı?

-Gözəl ab-hava var burada, özümü çox rahat, doğma mühitdə hiss edirəm.



“Ə gəl bura, zarafat edirəm...”

Yeni redaktoru çox yormadan 1 hekayə qopartmaqla kifayətlənirik.


“Deməli, bunu həmişə xatırlayıram, 1995-ci ildə İki sahil qəzetində işə başlayanda, tapşırdılar ki, bəstəkar, xalq artisti Xəyyam Mirzəzadədən müsahibə al. Getdim konservatoriyaya, dərs keçirdi, dedi gözlə dərsim qurtarsın, gələrsən. Dərsdən çıxanda dedim ki, bəs Xəyyam müəllim sizdən müsahibə almaq istəyirəm. Mənə qayıtdı ki, 100 dollar. Mən müsahibələri pulnan verirəm. Birinci dəfəydi deyə, şoka düşdüm, karıxdım qaldım. Gördü ki, qayıdıb gedirəm, şağğanaq çəkib güldü ki, ə gəl bura, zarafat edirəm”.



Zarafat zad qurtardı, özümüzü yığışdırıb keçirik, öz dili ilə desək, ciddi redaktorla söhbətə..

-Nətər gedir işlər?Müxbirlər sizi cana yığmayıb ki?

-Hər yerdə olduğu kimi, yaxşı müxbir də, şıltaq müxbir də var. Bizdə də təəssüf ki, xanımlardan çox, bəyəfəndilər şıltaqlıq edir(şou-biznes müxbiri Elvinə işarə edir). Bizi hansısa müğənni ilə dalaşdırır, vuruşdurur, qoyur xəbəri qalırıq əlində. Mənim kimi ciddi adamı, təsəvvür edin də..
Olur belə. Bir də görürsən hansısa müxbirin dişi ağrıyır, başı ağrıyır..Kimsə facebookda çatlaşır. Leyla bütün günü varlıların milyardlarını hesablamaqla məşğuldu(gülür) 1-2 dəfə olub ki, müxbiri gətirib əyləşdirmişəm yerimə ki, mənim işimi gör! Qarşındakı insanı başa düşmək üçün, özünü onun yerinə qoymaq lazımdır.



Amma, Əziz bəy, hansısa müxbir inanmırıq ki, poliveri məsələsində sizin yerinizdə olmaq istəsin.

“İşimiz çoxdur, iş çox olanda da insan özünə vaxt ayıra bilmir. Hardasa 1-2 ayın söhbətidir. Səhər-səhər gəlmişəm əyləşmişəm burda, baxıram ki, poliveri tərs geyinib gəlmişəm. Uşaqlarda gülür, heç kim heç nə demir.

-Onda işiniz düz gətirdi həmin günü?
-İşin geyimə heç bir dəxli yoxdur(gülür)

Nə isə, deyimlə bağlı zarafatımız anlaşılmadı, Əziz bəy elə düz deyir, ciddi adamdır.
Amma ciddi olsa da, işdən sonra xorla mahnı oxuyanlara da qatılır.




Mədəniyyət müxbiri Cəvahir Səlimqızı xor oxuduqlarını başı ilə təsdiqləyir: “Hə oxuyuruq. Hətta buna görə bizə gülənlər də olur. Bizdə Nuron var, adımızı “QAXSIMIŞ” qoyub. Özü kreativ, yaraşıqlı oğlandır. Hətta redaksiyaya qəşəng qızlar gələndə,(bizi vurğulayır, sağolsun) Nuron otaqda olmadığı üçün narahatlıq hissi keçirirəm. Deyirəm ki, tez bizim qəşəng oğlanımız Nuronu görsünlər. İndi qəbiristanlığa gedib, fotoreportaja. Elə onu da yarımbaşlıq verərsiz..



Elə Elvin də qəşənglər sırasındadır. Onları veririk qabağa, arxa fonda da biz dururuq ki, heç olmasa onların işığından bizə də düşsün.

Cəvahir, sən də pis deyilsən, kukla kimi qızsan



- İlknur və Nuron, nurlar birləşir, indi təsəvvür edin də.. Əzizdə ki, bizə əzizdi..Leyla buranın ən nazlı qızıdı. Aytənimiz qadın səhifəsinin ən gözəl qızıdı. Geyimlərinə görə də, elə bil moda jurnallarından düşüb bura.

Sağolsun, öz xahişi ilə desək “Ceva”, işimizi yüngülləşdirdi.



“Nolub, yanır”
“Uşaqlar məni Ceva çağırır, Nuron mənə Coni deyir. Hətta “Ceylo” deyən də var. Yeri gəlmişkən, bu adların heç biri ilə mən facebookda yoxam. Onu da deyim ki, redaksiyamızda bir nəfər var. Otağa həmişə panika içərisində girir. Bİzdə atmaca atırıq ki, nolub yanır?”

-Ceva, yananları qoy bir qırağa, gəlmişkən bəlkə sənə bir facebook profili açaq?
-Yox, sözümün üstündə duracam.

Bu qız Nuh deyir, peyğəmbər demir, amma olacaqları qabaqcadan deyir...

Cəvahir: “Leyla mənə Vanqa nənə deyir. Ağzım faldır, birdə görürsən proqnoz verirəm, düz çıxır.Yaxşı yuxu yozmalarım da var. Onu da hiss edirəm ki, o biri otaq buranın paxıllığını çəkir. Hətta orda bir siyasət müxbiri var,Vasya, bura gəlməyə can atır. Amma, bununla belə biz onların otağına “xoşbəxtlik” adı vermişik.
-Bu otağın adı nədir bəs?

-QAXSIMIŞLAR(otaqda gülüş)



-Cəvahir, yeni redaktorunuz Kənan bəyi necə, gözünüz tutdumu? Özü yoxdu da indi burda deyə bilərsən(otaqda gülüş)



Kənan bəy də yaxşı adam imiş, adı çəkilən kimi gəlib çıxdı (red.Cəvahir, Kənan bəyin yanında deyir ki, o da elə bizim adamdı)



“Mən xüsusi qeyd eləmək istəyirəm Aynur xanımı.. Həm gözəlliyinə, həm qələminə görə bizim kraliçamız, aristokrat bir xanımdır, bizə baş redaktor kimi yox, bacı kimi münasibət göstərir”.
Ceva ilə bu qədər...




Cevadan fərqli olaraq, saytın qadın sahəsinə baxan Aytən Əliməmmədova ağzına su alıb oturmuşdu
-Niyə danışmaq istəmirsən?
- Biraz utancağam.



Müğənnilərə “quş buraxmayın” deyən şou-biznes müxbiri Elvin Elxan özü də çalışırdı danışanda quş buraxmasın. Amma biz söz tutmağın yolunu da bilirik:



“Şou-biznes əhlidi də, fal, cadu, dartma yaxam cırıldı, dava-dalaş, qaynana gəlin, bu mövzularda çox rahat danışırlar. Amma qadın hüquqları ilə bağlı, nəsə hüquqi bir məsələ ilə bağlı danışdırmaq olmur, danışıq qabiliyyətləri yoxdu...

-Əziz deyir, aləmi bir-birinə qatırsan..
- Müsahibə alanda qabaqcadan deyirəm ki, xahiş edirəm, danışığınıza diqqət yetirin, “quş buraxmayın” ki, sonradan mən də yazını dəyişdirməyim. Belə hallar çox olur, zəng vururlar, hədə-qorxu gəlirlər.
-Sənə şıltaq müxbir deyirlər burada?...
-Şıltaq?(gülür) Şıltaq nədi Əziz? Çox danışıram bir az. Bu redaktoru da pisləyəcəm(İlknuru göstərir) Yazımda nöqtə-vergül səhvi tapan kimi hamının içində deyir ki, bu nə yazıdı?Adam pərt olur axı..Qızarıb pörtürəm(gülür)



Elvin, QAXSIMIŞ nə məsələdi?

-Deyim də. 14 fevral, sevgililər günündə otağımızdakıların hamısı qəm dəryasına batmışdı. Nuron da içəri girib dedi: “Nə qaxsıyıb oturmusunuz. O gündən dilimizdə qalıb elə bu söz..Maləsef, Leyla da qaxsıyıb(gülür).
-Niyə Leyla?
-Leylanı cırnatmaq xoşuma gəlir. Leyla çox cırnayan, küsəyən qızdı. Cəvahir elə deyil. Cəmalə də təzə gəlib, ancaq pornoqrafik tərcümələr edir. Adətən, Azərbaycan qızı mentalitetə görə belə xəbərlərə üz tutmur, amma Cema elə deyil. Bu da çox xoşuma gəlir.
Bıy abrın tökülsün Elvin!!! Elə o porno cümlələri oxuyursan ki, bir cümlədə 5 səhv edirsən, İlknur demiş...



Elə İlknur demişkən, sıra sosial, hadisə sahəsinin redaktoru bu xanıma çatdı.
- Ən çox şikayətin Elvindəndi, yoxsa başqaları da var???
-Bir cümlədə beş səhvi olur(gülür). Seçkilər günü burada işə başlamışam. Deyərdim ki, bu günə kimi işlədiyim ən yaxşı yer bura olub. Buradakı insanlar daha cana yaxındı, daha səmimidirlər.
-Bu dediklərini oxuyacaqlar ha o biri redaksiyadakılar.
-Qoy oxusunlar(gülür).



Bizdən nə gedir, oxusunlar. Onlar oxumaqlarında olsun, biz də görək tərcüməçi Cəmalə nə iş görür..Elvin deyir ki, daha çox parnoqrafik yazılar tərcümə edirsən. Nə məsələdi?
-Ən çox elə xəbərlər oxunur. Standart xəbərlər tərcümə eləsəm, elə də marağı olmayacaq. Yəni, oxucuların diqqətini nə cəlb edirsə, mən də ona üstünlük verirəm.
-Deyəsən elə sakitlərdən biri də sənsən?
-Demək olar hə. İki həftədi gəlmişəm bura. Birdən-birə işə, hərəkətə keçmək olmaz. Yavaş-yavaş.

Əvvəl özümə yer eliyim sonra gör sizə neyniyim...Şirə pələngə dönəssən həə?



...Elə bu vaxt Ceva :
- “U dey kreativ oğlanda gəldi, super. Səhərdən səni vəsf eliyirəm... Papağı zadı çıxart diqqət mərkəzindəsən. Qəşəngdi həə”-deyə bizə Fotoqraf Nuronu tərifləyir...

Cəvahir daha sonra Gülxara “Bu bizim minik sərçəmizdi”...



-Nuron, bu otağın dadı duzu sənsən deyəsən?

Cəvahir: “Duz Nuron duz”



“Mən hansı otaqdan gedirəm o otaq qaxsıyıb qalır. Qaxsımış mənə görə maraqsız yazılardan, şəkillərdən, müsahibələrdən qalıb...”
-Müsahib xoşuna gəlməyəndə nə edirsən bəs, şəkilləri pis çəkirsən???
-Yox sadəcə ürəksiz çəkirəm...
Qəbirstanlığa reportaja getmişdin, qorxmadın?
-Belə də, biraz Gülxarın həmişəki kimi qaxsımış reportajlarıdır. Bir ara işdən ayrılmışdım.Gülxar elə bil məni gözləyirdi ki, gəlim qəbirstanlığa gedək.



-Əl çəkmirlər səndən?
-Gəlin sizə bir şey danışım. Birinci dəfə bura gələndə şoudan gəlmişdim deyə məni ciddi tədbirə göndərdilər. Bir naziri çəkməliydim amma naziri tanımadım. Tədbirdəki bütün kostyumlu şəxsləri çəkmişdim ki, redaksiyaya əli boş qayıtmayım.
Hansı nazir idi? Ə yekə kişisən çəkinmə denən.
-İndi onu desəm mənim üçün ayıb olar...Müxbirlər məni incidirlər. Elə bilirlər ki, mən kiminlə yaxınam, onunla müsahibəyə repartaja getmək istəyirəm.



- Kimdi o cığal?
-Cığal deməzdim amma özündən oyun çıxardan çoxdu burda...
-Onu de görək kimdi? Onsuzda biz gedəndən sonra öldürəcəklər səni.
-Ən əyləndiyim müsahibələrim Cevanın müsahibələridi. Onun sualları məni gülməkdən öldürür. Biz də görmüsünüz də başlıq önəmli rol oynayır, Cəvahir də yazıya maraqlı başlıq axtarır. Bu yaxınlarda Ceva ilə müsahibəyə getdik. Müsahib deyir ki, yoldaşım mənə xəyanət etmişdi. Cəvahir də sual verir ki, danışın da danışın ki, harda xəyanət etmişdi yatağda tutmuşdunuz? (otaqdakılar gülür).



Bayaqdan başını aşağı salıb sakitcə işini görən işçilərə deyəsən gəlişimiz təsir etdi, ortamı qızışdırmağı bacardıq.
Nəysə, siz işinizdə olun , “Xoşbəxt”lərin otağına gedib bir azda biz xoşbəxt olaq.
Beləliklə, saytın digər əməkdaşlarının yerləşdiyi ikinci otağa keçirik.




Elə içəri girən kimi idman müxbiri Aygün İlqarqızı rastımıza çıxır , onu sorğu suala tuturuq.
-Eşitdik bu otaqda ki, Vasif o otağın paxıllığın çəkir.Sizin otaq necədir bəs?
-Elə deməzdim ən şən otaqlardanıq. bizim otaq daha maraqlıdı.
-Həmkarı Gülxar kənardan müdaxilə edir:
“Bizim otaqda daha ciddi adamlar var.Ordakı otaqda isə şoubiznes müxbirləri olduğuna görə şəndirlər...”.

Ay qız sən qan ocağıymışsan ki... Sonra da deyəssiniz ki , biz ara vururuq...

Nəysə qayıdaq Aygünlə söhbətimizə ...




İdman sahəsi üzrə redaktor Natiq Muxtarlı deyir ki, bu qız dil pəhlivanıdır:
“Mən Aygünün çox danışmağına dözürəm, o da mənə çay gətirir. Dilli dilavərli qız olmağı yaxşıdı ,amma ürəyiyumşaq qızdır. Məsələn, birdə görürsən ki, kimdənsə açıqlama götürür, gəlib deyir ki, yazmıyım da nolar yazığım gəldi. Mənim də əlim ayağım quruyur”.



Otaqda yalnız iki qızın olmasının səbəbini soruşuruq...
Digər müxbir Asif replika atır:
-Qız az olarsa basılmaz vətən...

Qızlar sonra bunun dərsini vermək sizə borc olsun...



“Xoşbəxt”lər otağında sən demə kommunist ideologiyasına xidmət edən də var imiş.

Biz otağa girəndən dil boğaza qoymayan, elə hey gülüb danışan, Nuronun dediyinə görə onu qaxsımış reportajlara aparanGülxarı komunnist adlandırırlar.
Aygün:
-Gülxarı burada kommunist adlandırırıq.Mənsə ona faşist deyirəm.
Gülxar :
-İşə tez gəlirəm, gec gedirəm. Ona görə kommunist oluram.



“Məni arada bir Aygün iynələyirdi, indi də siz iynələyirsiniz”.

İynələdiyimiz iqdisadiyyat müxbiri Oder Qənidir.



- Leyla deyir iqdisadiyyat maraqsız sahədir...
-Elə deməzdim bu sahənin vurğunuyam.
Nələri açıb tökmüsən?
-Yazdığımızı yazırıq.

İqdisadiyyat müxbirlərinin hamısı belə duzsuz olur?(hamı gülür)

-Mənə arada bir Aygün iynələyirdi indi də siz iynələyirsiz.
Deyəsən dil çatdıra bilmirsən buradakılara?
-Yox, bircə Aygünə dil çatdıra bilmirəm. Ona görə ki, vəhabi söhbətini ortaya atır.
Kimdi vəhabi?
-Yox, ümumiyyətlə deyirəm. Vəhabilərdən yazılar oxuyur bizə.

Bu otağın sirri var?
-Kiminsə şəxsi sirri ola bilər ancaq, otağın yox...

Baxarıq, bizə də əsas işçi deyiblər...



Növbədə Asif, Vasif... Ağasif yox, Ömərdi...

“Deputatların yerində mən olmalıydım”

-Nə məsələdi Vasif, sənə “Eksklüziv Vasif” deyirlər...
-Buna səbəb əlaqələrimin olmasıdı...
Asif Vasifə:
“Vasif, deputat deyilsən e, jurnalistsən, rahat danış”.



Vasif: “Çox çətindi siyasətdən yazmaq. Eləsi var, nazı ilə oynayırsan. Bir açıqlama alırsan, 50 dəfə zəng vurur ki, bunu belə yaz, elə yaz. Hərdən fikirləşirəm ki, bunlar normal cavab verə bilmirlər, onların yerində mən oturmalıydım”.

Adamın Allahı var, Vasif tək xəbərlərdə yox, mətbəxdə də ekzklüzivlər edir:

“Deməli, mətbəxdə nahar vaxtıdır, konserv aldım ki, tez-bazar yeyim. Qoydum qazın üstünə qızsın, birdən partlayış baş verdi. Hətta iki nəfər xəsarət də almışdı. Gündəlik Teleqraf qəzetinin əməkdaşı Nərgiz və onun müsahibi, telefonun o biri tərəfində olan Elşad Mirinin də ürəyi getmişdi...(gülür).



Söhbət əsnasında onu da öyrəndik ki, sən demə Vasif hər gün ofisə nişanlanmışam adı ilə konfet alıb gətirir.:

“Nə olsun ki, alıram, o konfetin mənə ancaq 5 faizi çatır. Nişan söhbəti də yalandı, subay oğlanam (gülür).



“Eynulla kimi gündəm yarada bilirəm”

Çox sinənə döymə də Vasif, siyasətə qol vursan da, oyunda 15 top buraxmısan e bunlara hara yazaq...


Natiq Muxtarlı: “Vasif çox yaxşı futbolçudu. Güclü komandası var. Bir oyunda rəqib qapısından 15 top buraxmışdı.(gülür).

Vasif: “Hə, bu gün xəbərlə bir qol vurmuşam da. Əsas odur ki, Eynulla kimi gündəm yarada bilirəm”.



“Mənə qıcıqlandıran sual verməyin”

Vasifdən fərqli olaraq, rəqibi Asif Nərimanlı qabaqdan gəlmişlik elədi:
-Mənə qıcıqlandıran sual verməyin..
-Səni nə qıcıqlandırır?
-Vasif..
-Səni siyasət belə sərt edib? Arada bir gülüb zarafat edirsən?
-Arada özümü o imkandan məhrum etmirəm..Ağır təbiətli kişilərdənəm. Kollektivə 3 aya ancaq alışa bildim. Konfliktə girdiyim heç kim olmayıb. Rəqibim Vasifdir(gülür).



-Heç dalaşıb eləmirsiz ki bu otaqda?
Asifin rəqibi Vasif dillənir:
“Yox, otaqda xanımların sayı az olduğuna görə dalaşmırıq. Asif götür bu sözümü status paylaş”(gülür)
Mən status paylaşmıram...Elə bunu da yazarsız...

Yaman sərt oldu ha...



“Xəbərdarlıq olunur və kiçik maliyyə cəzaları olur”...Bunu isə biz demirik, saytın redaktoru Cəmaləddin Həsənoğlu deyir:
“Bizdə qonaq gələndə hamı özünü yaxşı aparır. Ondan əlavə hamının işi çoxdu, deyib-gülməyə vaxtları qalmır. İşləməyən müxbir burada qala bilməz. Şərəf lövhəsi deyilən bir lövhəmiz də var, orada işə gecikənlər, yazını vaxtında çatdırıb yazmayanlar qeyd olunur. Müəyyən cəza üsulları vardır...Xəbərdarlıq olunur və kiçik maliyyə cəzaları olur”.



Elə biz də xəbərdarlıqdan və maliyyə cəzasından yan keçmək üçün reportajımızı vaxtında verməyə çalışdıq.

THE END
P.S reportajımızı hazırlamaq üçün bizə yaradılan şəraitə görə baş redaktor Aynur Camalqızına dərin təşəkkürümüzü bildiririk.


Mirvari Nəcəf
Şahanə Rəhimli


Qalereya




Teqlər:  





Xəbər lenti