Onlar sağlam həyatı təbliğ edəcək – TƏQDİMAT

Onlar sağlam həyatı təbliğ edəcək – TƏQDİMAT
  24 Fevral 2014    Oxunub:1287
Fevralın 23-də `Hyatt Regensy` otelinin Əmirov zalında “Uğurlu Gələcək Naminə” gənclər ictimai birliyinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan aparıcı ölkəmizdə aparılan gənclər siyasətindən danışaraq, son illərdə bununla bağlı gənclər təşkilatlarının sayının artdığını, bu istiqamətdə müşahidə olunan inkişafın dövlət tərəfindən də böyük maraqla qarşılandığını bildirib:

“Azərbaycan gəncləri ölkənin müxtəlif sahələrində aktiv yer tutmağa başlayıb və bu tendensiyanı nəzərə alaraq dövlət tərəfindən gənclərə aid bir sıra fərman və qanunlar qəbul edilib. Burada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə gənclər gününün təsis edilməsi kimi tədbirləri xüsusilə vurğulamaq lazımdır.
Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi və imzaladığı sərəncama əsasən, 2005-2009-cu illər Azərbaycan gəncliyi dövlət proqramı təsdiq olunmuşdur. Bu proqram çərçivəsində azərbaycan gəncliyinin inkişafına yönəlik bir sıra addımlar atılıb. Bundan başqa, ölkə başçısı tərəfindən təsdiqlənən ikinci bir proqram isə 2011-2015-ci illəri nəzərdə tutur. Bu proqram daha kompleks tədbirlərin həyata keçirilməsini, ölkə gəncliyin müasir dövrün tendensiyalara daha çox uyğunlaşdırılmasının yollarını nəzərdə tutur.
Bu proqrama uyğun olaraq 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Ümumiyyətlə, son 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyi ölkənin iqtisadi-sosial, ictimai-siyasi, müxtəlif sahələrində böyük rol oynamağa başlayıb.
Bütün bu tədbirlərdən savayı, dövlət tərəfindən aktiv turizm növlərinin inkişafına böyük diqqət yetirilir. Biz bunu müxtəlif regionlarda yaradılan aktiv turizm şəraiti ilə, Şahdağ, Tufandağ kimi kurortlarda müşahidə edə bilərik”.

Tədbirdə daha sonra çıxış edən təşkilatın sədri və təsisçisi Müşfiq Süleymanov “Uğurlu Gələcək Naminə” Gənclər İctimai birliyinin vəzifə və məqsədlərindən danışaraq bildirib ki, məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir:
- Uğurlu Gələcək Naminə” gənclər ictimai birliyi gələcək üçün müxtəlif istiqamətlərdə bir neçə layihə də hazırlayıb və bu layihələrin hamısı gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlib. Həmin layihələr gənclərin zərərli vərdişlərdən, zərərli qidalardan uzaq olması, müxtəlif idman növləri ilə məşğul olması, sağlam düşüncəyə yiyələnməsini qarşıya məqsəd qoyub.

Tədbirdə sağlam həyat tərzi ilə bağlı şəhər sakinləri arasında keçirilən videoçarx təqdim olunub.

Tədbirdə daha sonra professor, hüquq elmləri doktoru Mais Əliyev çıxış edərək bildirib ki, sağlam həyat tərzini təbliğ etməyi, sağlam həyat tərzinin ali məqsəd kimi qarşıya qoyan bir təşkilatı yalnız alqışlamaq lazımdır. Çünki, cəmiyyətdə belə bir missiyaya xidmət edən təşkilatlara böyük ehtiyac var.

O, qeyd edib ki, bu cür birliklərin yaradılması Azərbaycanda demokratik institutların inkişaf etməsi və ölkədə faydalı vətəndaş cəmiyyəti qurulucuğunun yaradılmasının bariz nümunəsidir. “Çox gözəl amildir ki, Azərbaycanda gənclərə dair dövlət proqramları, irimiqyaslı islahatlar həyata keçirilir və gənclərlə bağlı islahatların belə təşkilatların fonunda həyata keçirilməsi təqdirəlayiq haldır. Asudə vaxt, sağlam həyat tərzi, zərərli vərdişlərin qarşısının alınması- bu kimi gözəl bir missiyanı qarşısına qoymuş bir təşkilat Azərbaycanda gənclərin məşğulluq problemini qabartmalı və bu sahədə layihələr həyata keçirməlidir.

Tədbirdə çıxış edən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin prezidenti Sirac Sultanlı isə ümid edib ki, “Uğurlu Gələcək Naminə” gənclər birliyi fəaliyyətini sadəcə yerli xarakterli layihələrlə məhdudlaşdırmayacaq, asudə vaxtını düzgün dəyərləndirməklə məşğul olan beynəlxalq təşkilatlarla da əməkdaşlıq edəcək.

Sonda təşkilatın Baş katibi Leyla Hüseynova çıxış edərək vurğulayıb ki, sağlam və perspektivli gənclər hər bir dövlətin uğurlu gələcəyinə bir sığortadır: “Ona görə də, biz gənclərə sağlam həyat tərzini təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq”.

Mirvari Nəcəf
Elnur Muxtar

Qalereya




Teqlər:





Xəbər lenti