Mehriban Əliyeva: “Bağçalar təmir olunmalıdır”

Mehriban Əliyeva: “Bağçalar təmir olunmalıdır”
  28 Fevral 2014    Oxunub:1903
AzVision.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. 2005–ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verildi və bu layihə çox uğurla icra olundu: `Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar.

Bu gün ölkəmizdə sahibkarlıq çox sürətlə inkişaf edir. Dövlət biznes strukturlarına həm siyasi, həm maliyyə dəstəyi göstərir. Azərbaycan şirkətləri böyük infrastruktur layihələrinin icrasına cəlb olunur. Son on il ərzində dövlət tərəfindən sahibkarlara bir milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Növbəti beş ildə güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənilir. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır`.

Birinci xanım deyib ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır:

- Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi.

Azərbaycan dövləti öz növbəsində məktəb tikintisini dəstəklədi və beləliklə qeyd etdiyim kimi, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikildi və ya təmir olundu. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcəkdir. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaqdır.

O vaxt Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verdi. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Biz bu layihənin də icrasında ölkəmizdəki özəl sektor ilə çox gözəl işbirliyi yaratmışdıq.

Heydər Əliyev Fondu bu gün öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir. Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir.

Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılıb və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaqdır. Bir qədər sonra Heydər Əliyev Fondunun eksperti monitorinqin nəticələrini sizin diqqətinizə çatdıracaqdır.

Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır.

Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar vardır. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunmuşdur. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir.

Azərbaycanda özəl bağçalar mövcuddur. Onların sayının artırılması da dəstəklənməlidir. Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil edilməlidir. Uşaqların sağlamlığı çox vacib məsələdir. Bu bağçalarda uşaqları ən keyfiyyətli yeməklə təmin etmək lazımdır. Tibbi xidmət də ən yüksək səviyyədə olmalıdır.

Qalereya




Teqlər:  





Xəbər lenti