Rusiyanın təzyiq metodları: Pomidordan miqrantlara doğru

  19 Aprel 2021    Oxunub : 1454
Rusiyanın təzyiq metodları:  Pomidordan miqrantlara doğru
Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni yaşayır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O deyib ki, müxtəlif vaxtlarda Rusiyanın iki qadağasının şahidi olmuşuq. Onlardan biri pomidor, digər miqrantlarla bağı təsir vasitəsidir:

"Hələ ötən ilin sonlarında pomidor ixracına qadağa qoyulan zaman bunun müvəqqəti xarakterli olacağını, mart-aprel aylarına qədər kifayət qədər vəziyyətin dəyişəcəyini qeyd etmişdim. Gözləntilərim özünü tamamilə doğrultdu. Çox keçmədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı artırdı. Bu günə qədər ümumilikdə Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən 96 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 261588 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 145,4 faizini təşkil edir. Göründüyü kimi, Rusiyanın qadağaları uzun müddətli və ciddi olmur. Çünki bu, onun özünə də sərf etmir. Müxtəlif səviyyələrdə, fərqli problemlər yaşanır. Buna görə də bu gün verdiyi qərarı 3-5 gün sonra dəyişmək haqda düşünürlər və uzağı 1-2 ay sonra bu baş verir. Mən hər zaman bu kimi davranışları məhəllədə oyanayıb heç kimlə yola getməyən bir uşağın kaprizləri kimi görmüşəm. Onsuz da başqa məhəllənin uşaqları onu yaxına buraxmırlar. Bütün əhatəsi qonşu uşaqlardan ibarətdir, hamı ilə pis olub yaşamaq mümkün deyil. Bunu özləri də gözəl anlayırlar. Ona görə də miqrantlarla bağlı verdiyi qərarlar da belə bəsit və aciz qərarlar seriyasındadır".



Ekspert hesab edir ki, qısa vaxtda bu da digər qadağalar kimi sıradan çıxacaq. Çünki Rusiyanın MDB-dən olan miqrantlara heç də az ehtiyacı yoxdur. Bu miqrantlar Rusiya iqtisadiyyatında ucuz işçi qüvvəsi kimi aparıcı rola malikdirlər.

"Təsəvvür edin ki, bir neçə il əvvəl mənə Rusiyadan bir neçə işçi tələb olunan müəssisələrin elanlarını göstərmişdilər. Göstərilən 5 elandan 3-ün üzərində əsas tələblərdən biri kimi yazılmışdı ki, nahar fasiləsində araq içməsin. Bu, ciddi situasiyadır. Oranın işçi qüvvəsində leqal və ya qeyri-leqal fəaliyyət göstərən qeyri-rusların çəkisi inanılmaz dərəcədə əhəmiyyətlidir. Hələ əhəmiyyət bununla bitmir. Rusiya demoqrafik fəlakət yaşayan dünyanı ən pis ölkəsidir. Əhali sayı və sıxlığı azalmaqda davam edir. Azərbaycanda əhali sıxlığı 117 olduğu halda, Rusiya bu rəqəm 8.4-dür. Rusiya əmək qabiliyyətli insanlar və təqaüdçülərin sayının ən aşağı nisbəti olan ölkələr arasında 7-ci yerdədir. Bu dövlət dünya ölkələri arasında ölüm nisbətinə görə 10-cu yeri tutur. 1992-ci ildən 2016-cı ilədək Rusiya əhalisi səkkiz milyon azalıb ki, bu da ümumi əhalinin beş faizini təşkil edir.

Hazırda bu problem davam edir və Rusiya dünyanın sülh dönəmində əhalisi davamlı şəkildə azalan tək dövlətdir. Bütün bunları Rusiya höküməti çox gözəl bilir. Və onu da bilirlər ki, bu gün vaxtaşırı təzyiq vasitəsi kimi istifadə etdiyi miqrant amili olmasa və Rusiya yalnız rusların ümidinə qalsa, bir neçə əsr sonra millət olaraq mövcudluğu sual altında qala bilər. Buna görə də qeyd edilmiş zamanın məhz 15 iyun olması təsadüfi deyil. O müddətə qədər sadəcə təzyiqin Azərbaycan və Ukraynaya təsir edə biləcəyini, maraqlarına lazımı xidmət edə biləcəklərini zənn edirlər. Lakin düşünürəm ki, istər Azərbaycan tərəfi olsun, istər Ukrayna tərəfi, vəziyyəti gözəl anlayır və vaxtaşırı təkrarlanan belə ucuz təzyiqə ciddi önəm verməyəcək. İstər real vəziyyətin təhlili, istərsə də tarixi təcrübə onu göstərir ki uşaq kaprizlərinə bənzəyən belə təzyiq vasitələri uzunmüddətli olmur".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Miqrant