Lökbatanda qazdan kütləvi zəhərlənmə
Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.
İcra başçısı bildirib ki, özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisiVaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.