Bizim silikonlu dindar `barbi`lər
“Ruhum, aşkım, bebeyimle proqrama devam ediyoruz, İnşəallah”. Kənardan Maşallah, İnşəallah sədaları ucalır. Daha sonra aparıcı qızların seksual bədənləri, silikonlu döşləri, dodaqları, vulqar makiyajları tamaşaçının gözünə soxulur.
Heç bu günə qədər o proqramlarda mövzunun nə olduğunu bilməmişəm, yəni marağım olmayıb. Hər zaman düşünürdüm ki, görəsən, Türkiyə tamaşaçısı bunlardan nə zövq alır? Görəsən, bunlar Türkiyə tamaşaçısını nə ilə maarifləndirirlər? Silikonun günah olmaması iləmi, açıq–saçıq geyimlərləmi və ya sevişmə anında söylənəcək sözlərin efirdə deyilməsi iləmi?
Deyirlər, “gülmə qonşuna, gələr başına”. Çox düşünüdüyümüz başımıza gəldi. Bu yaxınlarda Azərbaycan internet məkanında yeni bir TV ortaya çıxdı. Azərbaycanın süni Barbiləri hamısı o kanala yığılaraq, Adnan Oktarın proqramını olduğu kimi plagiat ediblər. TV–nin bir şüarı da var “Həyata baxışınızı dəyişdirəcək”. Allah eləməsin ki, həyata baxışımız bu yeni kanal vasitəsilə dəyişsin. Çünki bu kanal baxışlarımızı dəyişsə, plastik cərrahlarımız olduğundan, artıq qazanmağa başlayacaqlar. Və bütün qadınlarımız - yəni imkanı çatanlar hamısı bir-birinə oxşayacaqlar: yekə dodaq, yekə sinə.
Bu gözəlçələrin söhbətlərindən bir neçəsinə qulaq asdım. Mən dindar deyiləm, amma inanclı insanam. Burada silikonun çoxluğundan dodaqlarını çətinliklə bağlayan qadınlar dindən, Allahın varlığından, elmdən danışanda istər-istəməz insanlarda dinə qarşı etinasizliq yaranacaq. Bu qadınlar Qurani-Kərimdən sitatlar gətirir, Allahın buyurduqlarını insanlara çatdırmağa çalışırlar. Amma necə?
Məqsəd nədir əslində, bilmirəm, sadəcə düşünürəm ki, bizim media azad olsa da, cəmiyyətin qınağı olmalıdır. Əks halda uzağı bir ilə bizim internet məkanında da din pərdəsi altında verilən tamaşalara şahid olcağıq. Bəlkə bizdən keçib, amma gənc nəslin dini, elmi, Quranı, bu kimliyi naməlum gözəlçələrdən belə formada öyrənməsi heç yaxşı olmyacaq.
Türkiyədə Adnan Oktar sübut etməyə çalışır ki, dində açıq-saçıq geyimlər, vulqar makiyaj, silikon, dekolte günah deyil. Yəni insanın dilində “Allah”, “İnşəAllah”, “MaşAllah” kəlmləri dönürsə, görüntünün önəmi yox.
Bəs görəsən bizim “gözəlçə”lərin məqsədi nədir? Bilsəniz mənə də deyin...