Müasir siyasi populizm, yaxud “Tik-Tok” siyasətçiləri – ARAŞDIRMA

      Müasir siyasi populizm,    yaxud “Tik-Tok” siyasətçiləri –    ARAŞDIRMA
  30 İyun 2021    Oxunub:3537
Proqnozlara görə, 2030-2035-ci illərədək hazırda bildiyimiz peşələrin 47-50%-i aktuallığını itirəcək. XXI əsrin əsas trendi olan süni intellekt və alqoritmlərin həyat və fəaliyyətimizin müxtəlif sferalarında tətbiqi onunla nəticələnəcək və artıq nəticələnir ki, peşələrin çoxuna ehtiyac olmayacaq.
Məsələn, Rusiyanın ən iri bankları 2017-ci ildən etibarən hüquqşünas vəzifəsini ləğv ediblər və bu peşəyə vakansiya elan etmirlər. Hüquqşünasları alqoritmlər əvəzləyir və onların işi heç də pis alınmır. Süni intellektin kütləvi tətbiqinin siyasətə necə təsir edəcəyinə dair araşdırma yoxdur, ancaq istisna deyil ki, cəmiyyətdə baş verən proseslər, insan münasibətlərindəki dəyişiliklər siyasi həyata da sirayət edəcək.
İran prezidentinin populist vədləri

Süni intellekt dəqiq hesablamalara əsaslanan elmi fenomendir. Siyasətin ən qeyri-sabit ünsürlərindən biri isə siyasi populizmdir. Populizmi XXI əsrdə hansı aqibət gözləyir?

“Təmiz” oğlanlar

Populizmdən danışarkən gözlər önünə ilk olaraq onun populyar olduğu ölkələr gəlir. Əhalinin savadlı qisminin az, sosial durumun aşağı olduğu ölkələr. Ötən əsrin ikinci yarısında Latın Amerikası, Afrika, Cənubi-Şərqi Asiya ölkələrində geosiyasi qütblərin və iki siyasi sistemin toqquşması nəticəsində meydana çıxan populist siyasətçilər.

Əslində isə siyasi populizm təkcə həyat səviyyəsi aşağı olan və inkişafdan qalan ölkələrdə deyil, qabaqcıl dövlətlərdə də mövcud və aktualdır. Onlar hər zaman olublar və olacaqlar. Siyasi ritorikalarını iqtisadi və sosial mövzularda quran, sıravi insanlara xoş gələn tərzdə danışan və buna müvafiq ifadələr işlədən populistlər tutduqları ideologiyaya əsasən, sağ və sollara bölünürlər. Hərçənd, bir sıra araşdırmaçılara görə, populistlər bir yox, bir neçə ideologiyaya eyni anda qulluq edə bilərlər.



Populistlər adətən siyasi elitaları tənqid edir və siyasi prosesi “təmiz xalq”la “rüşvətxor isteblişment”in qarşıdurması kimi xarakterizə edirlər. Sağ populistlər xalqı miqrantlardan, sol populistlər isə rüşvətxorluq, oliqraxlar, iri şirkətlərdən qoruduqlarını və ya qoruyacaqlarını bildirirlər.
Araşdırmaçılar 60 ölkədən 1458 dünya liderinin (1900-2018-ci illər) çıxışlarını analiz edərək, qərara gəliblər ki, onlardan 50-si klassik populistdir. Ümumilikdə isə araşdırma nəticəsində 72 populizm epizodu müəyyən olunub ki, burada populist siyasətçinin ölkəyə rəhəbərliyi halları da var, müəyyən vaxt kəsimində biruzə verilən populizm də. 35 halda söhbət sağ, 37 halda isə sol populizmdən gedir.
Göstərilən tarix ərzində populizmin 2 “dalğa”sı müşahidə olunub: İlk “dalğa” 1930-cu illərdə, “Böyük depressiya”dan sonra yaşanıb. İkinci isə 2010-cu illərdə, yəni dünya maliyyə böhranı ilə üzə çıxıb.

2018-ci ildə dünyanın 16 ölkəsində hakimiyyətdə populist lider olub. Onların çoxu indi də siyasi olimpdədirlər. Ekspertlərə görə, bu, tarixdə ən yüksək göstəricidir. Ən populist ölkələr bunlardır: Argentina (I Dünya müharibəsindən sonrakı illərin 39%-i), İndoneziya (müstəqillik əldə etdikdən sonrakı müddətin 23%-i), İtaliya (I Dünya müharibəsindən sonrakı müddətin 29%-i) və Ekvador (23%).

Qərbi Avropada populist siyasətçilər və partiyalar cəmiyyətdə heç də sonuncu yerdə deyillər. Baxmayaraq ki, bu ölkələrin əhalisi siyasi nağıllara çoxdan inanmır və Latın Amerikası tərzli populizm burada uğur qazana bilməz. Avstriya, Almaniya və Fransada populist siyasətçilərin güclü elektoral dəstəyi var. Onların siyasi platformasını incələyərkən görürsən ki, tələbləri “real politic”ə daha yaxındır, nəinki qulağa xoş gələn vədlərə. Qərbi Avropa populistləri adətən sağ təmayüllüdürlər.



Avstriya Azadlıq Partiyası – ötən əsrin 50-ci illərində formalaşıb. İdeoloji mənbə olaraq millətçi-sosial ritorikanı seçiblər ki, bu da təsadüfi deyil. Avropada faşizmin süqutundan cəmi bir neçə il keçmişdi. Xarici müdaxilə, Sovetlər Birliyinin ideoloji, ABŞ-ın isə kapital intervensiyası fonunda II Dünya müharibəsinin və dünyanın yeni bölgüsünün nəticələrindən narazı olan qüvvələr siyasiləşməli idilər. Avstriyalılar müharibədən sonra özlərinin milli identikliyini itirmişdilər və bu fonda alman mədəniyyətinin üstünlüyünü əks etdirən ideologiyaya müraciət başadüşülən idi.

Almaniya üçün Alternativ – Avropanın ən populyar populist siyasi təşkilatlarındandır. 2013-cü ildə yaranıb. Ərsə gəldiyi ili nəzərə alsaq, əsas ideoloji xəttin nədən ibarət olduğunu təsəvvür etmək çətin deyil: miqrasiya ilə mübarizə. “Ərəb baharı” nəticəsində, xüsusilə Suriyadan kütləvi insan qruplarının Avropa qitəsinə axışması yerli radikal dünyagörüşlü elektoratı qıcıqlandırırdı. Partiya elitası hesab edirdi ki, ölkə rəhbərliyi mövcud vəziyyətlə bacara bilmir və daha qətiyyətli addımların atılmasına ehtiyac var. Yeri gəlmişkən, eyni xətti biz ərəb dünyasından gələn miqtantların Avropa boyu hərəkət marşrutunun keçdiyi bütün ölkələrdə görmüşük: Yunanıstan, Balkanlar, Macarıstan, Polşa və s. Bu ölkələrin hər birində həmin illərdə keçirilən seçkilərdə populistlər müəyyən elektoral dəstəyə nail olublar.




“Alternativçilər” uzun illərdən sonra Almaniyada insanları irqi və milli əlamətlərə görə ayıran ilk siyasi axın olublar. Avstriya populistlərindən fəqrli olaraq, alman populistlərə tək sosial cəhətdən daha az müdafiə olunan elektorat deyil, orta sinfin nümayəndələri də səs verirlər. Xüsusilə Şərqi Almaniya əhalisinin bir qismi hesab edir ki, real siyasi problemlər ətrafında keyfiyyətli diskussiya aparılmır.

Milli Cəbhə - Fransanın ən iri sağ populist siyasi təşkilatıdır. Ötən əsrin 70-ci illərində yaranan partiyanın elektoratı Avropa ilə inteqrasiyadan narazı olan qismdir. Onların fikrincə, Fransanın Avropa Birliyindəki təmsilçiliyi miqrantların ölkəyə axını və fransız identikliyinin məhvi ilə nəticələnib. Ümumiyyətlə hesab olunur ki, siyasi populizmin meydana çxmasını siyasi, sosial-iqtisadi və milli zəmində böhran şərtləndirir. Fransa sağ populistləri sollarla mərkəzçilərin birləşib sağları dövlət qurumlarındakı təmsilçilikdən məhrum etmələrindən ciddi narazıdırlar.



Hazırki statistikaya görə, Avropa ölkələrinin məşhur populist partiyalarının “Top-5”liyi aşağıdakı kimidir:
- “Fides” (Macarıstan, sağ populist partiya) – 2018-ci ilin parlament seçkilərində 49,3% səs toplamağa müvəffəq olub;
- “Qanun və ədalət” (Polşa, sağ populistlər) – 2015-ci ilin parlament seçkilərində 37,6% səs yığıb;
- SİRİZA (Yunanıstan, sol populistlər) – 2015-ci ilin parlament seçkilərində 35,5%-lik nəticə göstərib;
- “5 uzlduz Hərəkatı” – (İtaliya, sol populistlər) – 2018-ci ilin seçkilərində səslərin 32,7%-ni qazanıb;
- İsveçrə Xalq Partiyası – (İsveçrə, sağ populistlər) – 2015-ci ilin parlament seçkilərində 29,4% səs yığıb.

Populizmdən avtoritarizmə

“Populizmin qlobal yüksəlişi” adlı araşdırmanın müəllifi Bencamin Moffit yazır ki, tipik populist siyasətçini adi siyasətçidən fərqləndirən bir sıra xarakterik xüsusiyyət var. Məsələn, aşkar kobudluq və ya publik hədə-qorxu. ABŞ-ın sabiq prezidenti Donald Tramp və Filippinin lideri Rodriqo Duerte tez-tez bu üsula əl atırlar.

Daha bir fərq populistlərin daima böhran vəziyyəti və rəqiblə fasiləsiz mübarizə görüntüsünü yaratmalarıdır. “ Hakimiyyətə gələn populist siyasətçi öz dəst-xəttini daim işlək vəziyyətdə saxlamaq məcburiyyətindədir. O, göstərmək istəyir ki, siyasi isteblişmentə daxil deyil və heç vaxt da olmayacaq” ,- deyə Kolumbiya Universitetinin professoru Nadiya Urbinati yazır. Urbinatinin fikrincə, populist siyasətçilər həmişə nəyəsə və kiməsə qarşı çıxmalıdırlar. Ənənəvi siyasətçilər, intellektuallar, elitalar, miqrantlar onların başlıca hədəfləridir. Populizmin əsas gücü məhz bundadır: “Bu, çox güclü alətdir, çünki istənilən vəziyyətə uyğunlaşa bilər”.

Populistlərin demokratik ölkələrin idarəetmə sistemlərindən xoşları gəlmir. Onlar daha çox birbaşa idarəetmə metodlarına üstünlük verirlər. Bu, onların avtoritar ənənələrə meyilli olduqlarının göstəricisidir. Onlar tez-tez elə qərarlar qəbul edirlər ki, demokratik sistemlərdə bu qərarlar belə asanlıqla və tez zaman kəsiyində başa gələ bilməz. Uqo Çaves tez-tez deyərdi: “Mən fərd deyiləm, mən elə xalqın özüyəm!”

Populizmin avtoritar dəyərlərə meyilliliyinin olduqca sadə ssenarisi aşağıdakı kimidir: Populist siyasətçi səs-küylü vədlərlə hakimiyyətə gəlir, onları həyata keçirə bilmir, təbii ki, hakimiyyətini itirmək də istəmir, hakimiyyətdə olduğu illərdə qanunazidd addımlar atır və ölkəyə idarəçiliyi əlində saxlamaq üçün avtoritar üsul-idarəçiliyinə yuvarlanır.

Yeri gəlmişkən, son 100 ildə dövlət rəhbərliyinə gəlmiş 72 populist liderdən yalnız 19-u hakimiyyəti sivil qaydada qanuni yol ilə təhvil verib. 18 halda onlar hakimiyyəti dövlət çevrilişi nəticəsində itiriblər. 4 halda vəfat ediblər, yaxud xəstəlikləri məcbur edib ki, hakimiyyətdən getsinlər. 15 populist siyasətçi siyasi böhran səbəbindən istefa vermək məcburiyyətində qalıb.

Populist siyasətçilər və real iqtisadiyyat

Populistlərin ən çılğın siyasi çıxışlarının məzmunu şübhəsiz ki, iqtisadiyyatdır. “Yuxarıda olanlar xalqı soyur, biz gəlib, qarşısını alacağıq” başlıca şüardır. Həqiqətənmi populist siyasətçilərin dövlət idarəçiliyinə yiyələnmələri iqtisadiyyatın çiçəklənməsi ilə nəticələnir? Axı gözlərimiz önündə müasir Çaves-Maduro nümunəsi var!



Bir qrup araşdırmaçı məlumatların analizinin sintetik metodu (synthetic control method) ilə populist siyasətçilərin iqtisadiyyatlara təsirini müəyyən etməyə çalışıblar. Araşdırmanın mahiyyəti bundan ibarətdir: populist siyasətçinin idarə etdiyi ölkənin iqtisadi göstəriciləri götürülür və həmin ölkə ilə eyni göstəricilərə malik, ancaq populistlər tərəfindən idarə olunmayan 3 “əkiz” ölkənin göstəriciləri ilə müqayisə edilir. Məsələn, Mussolini dövrünün İtaliyası Böyük Britaniya, Malayziya və Yaponiya ilə müqayisə olunur. Uqo Çaves dövrünün Venesuelası isə Rusiya, İndoneziya və Ekvadorla. Nəticələrdən hasil olur ki, populistlərin idarə etdiyi dövlətin iqtisadi vəziyyəti “əkiz” dövlətlərinkindən aşağıdır. Populist liderin hakimiyyətinin ilk iki ilində bu geridə qalma tendensiyası biruzə verilir. Bəzi hallarda iqtisadi staqnasiya populist liderin bütün hakimiyyəti boyu davam edir. Məsələn, 1950-60-cı illərdə Boliviyada Viktor Paza Estensoronun və 1970-ci illərdə Argentinada Xuan və İzabel Peronun hakimiyyətləri illərində olduğu kimi.

İqtisadçılar populistlər dövründə bərabərliyə necə riayət olunduğunu da öyrənmək məqsədilə gəlirlərin varlılar və kasıblar arasında necə paylaşıldığını araşdırıblar. Bu məqsədlə onlar populist ölkələrdə “Cini kooffisenti”nin hərəkətini izləyiblər. Cini koofisenti gəlirlərin bölünməsi zamanı qeyri-bərabərliyin səviyyəsini əks etdirir. Mütləq bərabərlik – 0, mütləq qeyri-bərabərlik isə 1-dir. Araşdırma müəllifləri vətəndaşların vergiləri ödədikdən sonra əllərində qalan gəlirləri hesablayaraq, Cini koofisentini müəyyən ediblər. Məlum olub ki, populistlərin dövründə bərabərliyin möhkəmlənməsi istiqamətində heç bir dəyişiklik olmayıb. Sağ populistin idarə etdiyi ölkədə “əkiz” ölkədəki son 15 ilin statistikası ilə müqayisədə Cini əmsalı 0,1 pillə yüksəlir. “Sollar”ın dövründə isə əksinə 0,2 pillə aşağı düşür. Başqa sözlə, sağ populistlərin dövründə qeyri-bərabərlik artır, sol populistlərin hakimiyyəti illərində isə azalır, ancaq çox ləng sürətlə.

Populizmlə iqtisadiyyat arasındakı münasibətləri konkretləşdirsək, populist siyasətçiləri fərqləndirən üç cəhəti qeyd edə bilərik:
1. Proteksionizm siyasəti. Ölkəyə idxal edilən malların rüsumunda artım;
2. Yumşaq büdcə və pul-kredit siyasəti. Populistlər büdcə xərclərini artırmaqla iqtisadiyyatda pul kütləsini artırır və bu yolla da cəmiyyətdəki tərəfdarlarını “alırlar”;
Öz səlahiyyətlərini genişləndirmək üçün xərclər və tarazlaşdırma sisteminə xələl gətirirlər.

(Növbəti yazıda Azərbaycanda populizm və onun əsas simaları araşdırılacaq. Mütləq oxuyun!)

Sapiens Analytics

Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Populizm   Təhlil  





Xəbər lenti