“Rayonlarda universitetlər açılmalıdır” - TƏKLİF

“Rayonlarda universitetlər açılmalıdır” - TƏKLİF
  14 Mart 2014    Oxunub:1163
Millət vəkili Musa Qasımlı parlamentin iclasında xaricdə təhsil alan tələbələrdən danışıb.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, xaricdə təhsil almaq önəmli olsa da, bu sahədə neqativ hallar var.

“Yaxşı olar ki, tələbələrimiz bakalavr təhsilini ölkəmizdə, magistraturanı xaricdə oxusunlar. Bununla da elmimiz xaricdə daha yaxşı formada çıxar”.

Millət vəkili öz hesablarına və imtahansız xarici universitetlərə qəbul olan tələbələrdən də danışıb:

“Hazırda bəzi şagirdlərimiz imtahansız Rusiya, Ukrayna kimi ölkələrdə öz vəsaitləri hesabına təhsil alırlar. Həm də ən aşağı universitetlərdə və akkreditasiyadan keçməyən ixtisaslarda. Onlar orada 5 il oxuyur və ya heç oxuya bilmirlər və yarımçıq təhsil alırlar. Beləliklə də, xaricdə ölkəmizin nüfuzu aşağı düşür. Valideyn də qohum-qonşuya deyir ki, uşağım xaricdə təhsil alır. Diplomsuz da ölkəyə gələndə dövlətə başqa cür münasibət göstərirlər”.

M.Qasımlının sözlərinə görə, bəzən xaricdə təhsil alanlar ölkəyə gələndə dövlətə tamam fərqli münasibət bəsləyirlər.

Millət vəkili bildirib ki, vətəndaşın istənilən ölkədə təhsil almaq hüququ var və bunu qadağan etmək olmaz. Deməli, alternativ qaydalar haqqında düşünməliyik.

Deputat maliyyə, texniki və kadr çətinliklərinə baxmayaraq, Şirvan, Şamaxı, yaxud Qubada, həmçinin Mingəçevir və ya Qazaxda universitetlərin açılmasını faydalı hesab edir:

“Dağıstan və Gürcüstanda xeyli sayda azərbaycanlıların olduğunu nəzərə alsaq, bu universitetlərin daha çox faydası olar. Bunu artıq zamanı gəlib çatıb. Doğrudur, bu asan məsələ deyil, amma mümkündür”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti