"Taliban" Pəncşirə girir - Əhməd Məsuda 4 saat vaxt verildi

   "Taliban" Pəncşirə girir -     Əhməd Məsuda 4 saat vaxt verildi
  22 Avqust 2021    Oxunub:5870
"Taliban" hərəkatı Pəncşir əyalətindəki müqavimətçilərin lideri Əhməd Məsudun təslim olması üçün ona dörd saat vaxt verib. Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
- "Taliban" Əhməd Məsuda Pəncşir əyalətinin təslim olması üçün dörd saat vaxt verib. Hərəkat Məsudun və (Əfqanıstanın birinci vitse-prezidenti) Əmrullah Salehin yerləşdiyi əyalətin ələ keçirilməsinə başlamağa hazır olduğunu açıqlayıb,- deyə telekanal bildirir.

Hərəkatın yaydığı videoda döyüşçülər əyalətə doğru irəlilədiklərini deyirlər. Onlar Saleh və Məsud tərəfdarlarını vilayətə nəzarəti təhvil verməyə çağırırlar. Müqavimətçilərin bunu etməyəcəyi təqdirdə isə onları "Taliban" silahlıları ilə döyüşə hazır olmağa səsləyirlər.

Əl Cəzirə telekanalının verdiyi məlumata görə, "Taliban" yaxın vaxtlarda Məsudla görüşmək üçün heyət göndərmək niyyətindədir. Hərəkatın nümayəndə heyətinin üzvləri Pəncşirdəki vəziyyəti müzakirə edəcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək.

Pəncşir əyalətindəki mənbə TASS -a Məsudla Taliban arasında danışıqların başladığını bildirib. Söhbət inklüziv hökumət yaratmaqdan və siyasi parçalanmanı aradan qaldırmaqdan gedir. Danışıqların nəticələri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti