Bayram şərabı: Şampandan REPORTAJ

Bayram şərabı: Şampandan REPORTAJ
  20 Mart 2014    Oxunub:8220
Şampan - bayram çaxırıdır. Heç bir bayram, heç bir şənlik onsuz keçmir. Köpüklənən şərab dənəciklərində sanki insan sevinci əks olunur. Belə bir adət də var ki, şampanı səbəbsiz içmək nəinki nəzakətsizlikdir, hətta faydasızdır. Çünki, heç bir zövqü, dadı olmayacaq.

Keyfiyyətli şampan içkisini seçmək isə xüsusi məharət tələb edir. Yaxşı köpüklənən şərabın əsas komponentləri – canlı parlaq qabarcıqlar, xoş və təmiz rəng və balanslaşdırılmış daddır.

Şampan universal içki olduğu üçün seçim məsələsi də fərdi tərcihlərə bağlıdır. Statistika göstərir ki, damaq dadını bilən qurmanlar şampan seçimində daha çox Moët & Chandon-a üstünlük verirlər. Niyəsini öyrənmək, hazırlıq prosesilə tanış olmaq üçün şampanın vətəni, şərabçılıq ənənələrilə məhşur olan Fransanın Şampan vilayətinə yollandıq...

* * *

300 ildən artıq tarixi keçmişi olan Moët & Chandon dünyada ən iri şampan istehsalçılarından biri sayılır. 1743-cü ildə Klod Moet tərəfindən yaradılıb.Və yarandığı zamandan etibarən əsasən yüksək təbəqənin sevimli içkisi olub - Markiz de Pompadurdan tutmuş Avropanın kral saraylarına qədər. Hazırda da İngililtərə Krallığının rəsmi tədarükçüsüdür.

Məlum şampan haqda müxtəlif əfsanələr bu gün də dolaşmaqdadır. Ən məhşur rəvayət, 17-ci əsrdə yaşamış rahib Dom Perinyonun adı ilə bağlıdır. Deyilənə görə, həm də dahiyanə dequstator olan Dom Perinyon, Şampandakı üzüm tənəkliklərinin o dərəcədə gözəl bilicisi olub ki, giləmeyvələrin dadına baxmaqla onların təkcə hansı sahədən deyil, hətta konkret hansı tənəklikdən qoparıldığını təyin edə bilirdi. Mükəmməl dad və qoxubilmə yaddaşı Don Perinyona, şərab köpükcüklərinin yaranma mexanizmini kəşf etdirib...

* * *

Moët & Chandon iqamətgahındayıq. Hazırda muzey kimi təqdim edilən Evin səfiri və eyni zamanda bələdçisi Olessiya Tarasseviç tanışlığa, iqamətgahın tarixçəsilə başlayır:

- Bu bina Moët & Chandonun yaradıcısı Klod Moetdən miras qalıb. Məhz o, 18-ci əsrdə Şampan əyalətindən Parisə ilk şərab tədarükünü edib. XV Lüdovikin hakimiyyəti zamanı köpüklənən şəraba böyük tələbat olduğundan Moetin şərab biznesi sürətlə genişlənirdi və XVIII əsrin sonlarında o, öz şərablarını bütün Avropa və Amerikaya ixrac edir. İlk 10 il ərzində Moët & Chandon şampanları dünyanı fəth edir. Tomas Cefferson, Napoleon Bonapart kimi müştəriləri cəlb etməklə, Klodun nəvəsi Jan-Remi Moet, müəssisəni, bu şərab markasını məşhurlaşdıra bilmişdi.

Şirkətin ikinsi yarı adı – Şandon 1832-ci ildə alıb. Jan-Remi Moet şirkətin yarısını kürəkəni Pyer-Qabriel Şandona, digər yarısını isə oğlu Viktor Moetə ötürür. Bir az əvvəl sizinlə kofe içdiyimiz İmperator otağı isə Jan-Remi önəmli qonaqları qəbul etmək üçün tikdirib. Yeri gəlmişkən, mükl sahibi həmin otaqda I Napoleonu da qəbul edib...”

* * *

Növbəti istiqamətimiz çaxır ehtiyatları saxlanılan anbaradır. 1720-ci ildə ilk qazıntısı aparılan zirzəminin 2 yüzillik ərzində ərazisi 28 kilometrə çatıb. İstehsal artdıqca, zirzəmi də genişlənib. Labirinti xatırladan bu anbarda azmaq çox asandır. Tək çıxış yolu divarlardan asılmış plandır ki, məhz bunun sayəsində əməkdaşlar səmti müəyyənləşdirə bilirlər.

* * *

Şampan şərablarının ilkin hazırlanma prosesi ildə bir dəfə olan məhsul yığımından başlanır. Şampan əyalətində bu, adətən sentyabr ayında olur. Təbii ki, istisnalar da mümkündür. Necə də olsa, təbiətin kaprizlərinə nəzarət insan əlində deyil.

Olessiya Tarasseviç deyir ki, məhsul adətən əl ilə yığılır və yalnız Moët & Chandon şirkəti, yığım üçün üçün hər il 3 min nəfər işçini 2-3 həftəlik işə götürür: “Yığımdan dərhal sonra üzümlər fraksiyalaşdırılmış sıxılmaya göndərilir. Üzümün dərisindəki qara dəriciyin şirə ilə kontaktını saxlamamaq üçün bu proses incəlik və ehtiyat tələb edir. Yəni, üzümün dərisi zərifliklə soyularaq təmiz şirə əldə edilir.

Üzümün növündən və hər növün keyfiyyətindən asılı olaraq hər biri ayrıca sıxılır. Nəticədə yüzlərlə bəyaz üzümlərdən əldə edilmiş şirə - horra alınır. Horrada şəkər və şərab mayası saxlanılır, ya da ki, üzüm dərisindək şirəyə keçən şərab bakteriyaları. Daha sonra horra, paslanmayan polad çənlərə tökülür.

Xüsusilə qeyd edim ki, Moët & Chandon şərablarının istehsalında konyakda olduğu kimi, daim nəfəs alan palıd ağacından hazırlanmış çəlləklərdən istifadə edilmir. Müəssisəmiz daha oksidativ üsuldan bəhrələnir. Belə ki, üzüm şirəsini oksigendən maksimum qorumaqla, gələcək şərabın təbii meyvə təamını saxlamağa çalışır. Paslanmayan polad isə şirənin lazımi tutumda qıcqırması üçün neytral materialdır. Bunu adətən “ilkin alkoqollu fermentasiya”, yəni “qıcqırma” adlandırırlar.

Çənlər adətən açıq vəziyyətdə saxlanılır ki, maye buxarlansın. Bir neçə gündən sonra nəticədə ilkin bəyaz şərab alınır. Bu şərablar mütəxəssislər tərəfindən dequstasiya olunduqdan sonra qiymətləndirilib, qarışdırılmaya göndərilir. Ümimiyyətlə, Moët & Chandon brendi altında çıxan bütün şərablar qarışdırılır. Məsələn, bizim seriyadan olan ən məhşur Moët İmperial şərabında üç müxtəlif növ üzümlərdən və 3-4 il öncəki məhsulun rezerv şərablarından istifadə olunur. Bu da müəyyən sabitliyi qorumaq üçün gərəklidir”.

O.Tarasseviç həmçinin bildirir ki, Moët & Chandon şampanlarının lazımi tutumu üçün minimum 24 ay gedir. Vintaj (konkret il və yaşda olan məhsul-S.B.) içkilər isə minumum 7-8 il saxlanılır. Ən sonuncu vintaj şərabı 2004-cü ilə aiddir.

Diqqətimizi çəkən maraqlı məqamlardan biri də hər şərab şüşəsinin üzərində konkret kod yazılışı idi. Sən demə, bu da təsadüfi deyilmiş. Belə ki, həmin kodlar məxfi xarakter daşıyır. Vintaj hər zaman gizli saxlanıldığı üçün məhz bu kodla məhz hansı içkinin yetişdiyini müəyyənləşdirmək olur.

Sevda Babayeva / Şampan (Fransa)
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti