"İlham Əliyevdən qorxdunuz, yoxsa əsir düşməkdən?"- Erməni spikerə tərs sual

 "İlham Əliyevdən qorxdunuz, yoxsa əsir düşməkdən?"-  Erməni spikerə tərs sual
  13 Sentyabr 2021    Oxunub:2099
Bu gün Ermənistanın yeni parlamentinin payız sessiyasının ilk iclası öz işinə başlayıb. İclasın gündəliyinə cəmi 3 - Korrupsiyaya qarşı mübarizə Komissiyasına 1 üzvün və Kassasiya məhkəməsinə 1 hakimin seçilməsi, habelə Mərkəzi Seçki Komissiyasının fəaliyyəti barədə hesabatın dinlənilməsi məsələləri salınsa da, məğlubiyyət sindromu dəhşətli bir kabus kimi parlamentarilərə rahatlıq verməyib.
Parlamentin sədri Alen Simonyan müxalif «Ermənistan» blokunun katibi Artsvik Minasyanın müvafiq təkilfinə cavab olaraq, güc sturkturlarının rəhbərlərinin və təmsilçilərinin iclasa çağırıla biləcəyini inkar etməyib. Minasyanın təklifi isə Qafan-Gorus yoluna nəzarət edən Azərbaycan sərhədçilərinin ermənilərin bu yolda sərbəst hərəkətlərini məhdudlaşdırması, habelə İrandan gələn sürücülərin sənədlərini və yükləri yoxlaması ilə bağlıdır. Onun fikrincə, Azərbaycan bununla Ermənistanın suveren hüquqlarını pozur. Minasyanın partiya məsləkdaşı Vaqe Akopyan isə jurnalistlərə açıqlamasında Azərbaycanın bu gedişlə istənilən vaxt Qafanı Ermənistanın əsas hissəsindən ayıra biləcəyini istisna etməyib. Hərçənd, Azərbaycan hələlik Ermənistanın minik və yük maşınlarına maneə törətmir.

- Yəni bizi buranın Azərbaycan ərazisi olduğuna alışmağa öyrədirlər? Qara göl ərazisində azərbaycanlı hərbçilər qışlamağa hazırlaşırlar, orada fəal şəkildə mühəndis işləri aparılır. Bunlar həm də iqtisadi xarakterli problemlərdir. Məlumdur ki, Ermənistanın əmtəə dövriyyəsinin 40%-ni İranla ticarət əlaqələri təmin edir. Mən əminəm ki, Tehrandan da reaksiya olacaq. Ümumilikdə isə bu problemləri Nikol Paşinyanı yubanmadan istefaya göndərməklə həll etmək mümkündür”- Akopyan qeyd edib.

Payız sessiyasının ilk plenar iclasında təşəbbüsə yiyələnməyə çalışan müxalif “Ermənistan” fraksiyasının daha bir təmsilçisi Aqvan Vardanyan Xarici əlaqələr üzrə daimi parlament komissiyasının adının dəyişdirilərək, “Xarici əlaqələr və Qarabağ üzrə”daimi parlament komissiyası qoyulması barədə qanun layihəsi təqdim edib.

- Parlamentdəki “Ermənistan” və “Təzim edirəm” müxalifət fraksiyaları öncə Qarabağ üzrə ayrıca Komissiyanın yaradılmasını təklif ediblər. Bundan sonra mövcud Komissiyalardan birinin adının dəyişdirilməsi təklif olunsa da, bu təşəbbüsə də parlamentin profil komissiyası mənfi rəy verib”- deyən Vardanyan deputatları bir daha bu məsələni müzakirə etməyə çağırırb.

Bütün təşəbbüslərinə rədd cavabları alan “Ermənistan” müxalif fraksiyasının daha bir təmsilçisi Areqnaz Manukyan 2 sentyabrda “DQR”-in “müstəqilliyi”nin 30 illiyi yubileyi günü spiker Alen Simonyanı Ermənistanın digər rəhbərləri kimi Qarabağa getməməkdə günahlandıraraq, onun bu zaman hakim partiyanın daha iki deputatı ilə birlikdə Yunanıstanın ən bahalı kurortlarından birində dincəldiyini açıqlayıb. “O, çimərilkdə diskotekada vaxtını çox şən keçirirdi. Niyə siz Minken adalarında istirahəti Qarabağdan üstün tutdunuz? Qarabağa gedişdən imtina Azərbaycan prezidenti İlham Əliyevin qadağası və əsir düşmək qorxusu ilə bağlıdır? Yoxsa digər səbəblər var?” - Manukyan maraqlanıb.

Cavabında parlamentin sədri şəxsi həyatını şərh etmədiyini bildirərək, Manukyana “sarı” mətbuatda yayılan xəbərlərə uymamağı məsləhət görüb. O öz opponentini ciddi olmağa və parlamentariyə yanaşan ciddi suallar verməyə çağırıb.
Amma acı məğlubiyyət sindromunu yaşayan erməni cəmiyyətində parlamentarilərin hələ uzun müddət ciddi problemləri müzakirə etməyə hazır olacağı elə də inandırıcı görünmür.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan-parlamenti   Məğlubiyyət  





Xəbər lenti