Vaşinqtonda Novruz tədbirindən FOTOLAR

Vaşinqtonda Novruz tədbirindən FOTOLAR
  21 Mart 2014    Oxunub:987
Novruz bayramı Vaşinqtonda da qeyd olundu.
Xalqımız qədim adət-ənənələrini özündə təcəssüm etdirən Novruz bayramı martın 20-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində xüsusi tədbirlə qeyd olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki nümayəndəliyinin birgə dəstəyi ilə təşkil olunan Novruz şənliyi Dünya Bankının mənzil qərargahında keçirildi.

Tədbirin çoxsaylı qonaqlar arasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ABŞ hökuməti, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də ABŞ-dakı Azərbaycan icmasının təmsilçiləri olublar.

Mərasimi giriş sözü ilə açan səfir Elin Süleymanov Azərbaycan xalqının əsrlər boyu böyük sevinclə bayram etdiyi Novruz haqqında danışıb və sərhədlər tanımayan bu bayramın baharın gəlişi ilə yanaşı, yeni ümid və arzuların rəmzi olduğunu söyləyib. Səfir eyni zamanda Dünya Bankı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan, ölkəmizin ötən illər ərzində keçdiyi inkişaf yolundan söz açdı.

Tədbirdə çıxış edən Dünya Bankının icraçı direktoru Yörq Friden təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığının nümunəvi olduğunu vurğuladı, bankının əsas məramları sırasında dayanan yoxsulluğun azaldılması sahəsində Azərbaycanın qazandığı nailiyyətləri təqdir etdi. O, Novruz şənliyi vasitəsilə Azərbaycan mədəniyyətini Dünya Bankının mənzil qərargahında bölüşmək istəyini yüksək qiymətləndirdi.

İstedadlı pianoçu Emil Əfrasiyab səsləndirdiyi ecazkar musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatdı. Əsasən yerli amerikalılardan ibarət "Nomad " rəqs qrupunun ifa etdiyi Azərbaycan milli rəqsləri də böyük maraqla qarşılandı.

Şənlik iştirakçıları üçün açılan bayram süfrəsini milli mətbəximizin nümunələri, o cümlədən şəkərbura və paxlava bəzədi. Tədbirin sonunda qonaqlara Azərbaycanın milli atributlarını təcəssüm etdirən milli geyimlər hədiyyə olundu.

Qalereya




Teqlər:  





Xəbər lenti