İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL

      İnflyasiya necə cilovlanmalıdır,    yaxud uçot dərəcəsi niyə “işləmir” –    TƏHLİL
  24 Sentyabr 2021    Oxunub:3490
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 ildən sonra uçot dərəcəsini 0,25 faiz artırdı və bunun həm də ölkədə inflyasiya prosesi ilə əlaqədar olduğunu açıqladı. Həqiqətən, inflyasiya faktoru narahatedici tempdədir. Və bu, ilin əvvəlindən bəri müşahidə edilir. İqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın getməsi xüsusi diqqət və izahat tələb edir.
Hökumət cari il üçün inflyasiyanı 4 faiz civarında proqnozlaşdırmışdı. 2021-ci ilin yanvar-avqust aylarında isə istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,4 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 104,2 faiz təşkil edib. Odur ki, hökumətin proqnozunun hələ ötən aylarda özünü doğrultmayacağanı yazmışdım. Çünki bahalaşma ardıcıl xarakter daşımaqdadır. Və budur: cərəyan etməkdə olan real proseslər fonunda ilin sonuna doğru inflyasiya proqnozunun yüksəkl olacağı bildirilib. Belə ki, cari ildə orta illik inflyasiya 5,4-5,8 faiz, illik inflyasiya isə 7-7,5 faiz səviyyəsində gözlənilir.

AMB uçot dərəcəsini ilin əvvəlindən bəri dəyişməyərək, 6,25 faiz səviyyəsində saxlamışdı. 2018-ci ilin fevral ayının 12-dən bura qədər ardıcıl olaraq endirilirdi. Keçən ilin dekabr ayının 18-dən sonra isə bu rəqəm heç bir dəyişikliyə məruz qalmamışdı. Yeri gəlmişkən, 2018-ci ilin fevralın 12-dək AMB-in uçot dərəcəsi 15 faiz həddində idi. 2018-ci ilin fevralın 12-də 13 faizə endirildi. 2017-ci ildə bütün il boyu 15 faiz səviyyəsində qalmışdı. Hansı ki, bu hədd haqda qərar 2016-cı ilin sentyabrın 14-də qəbul edilmişdi. Sual yaranır ki, uçot dərəcəsinin qaldırılması inflyasiyanı cilovlamağa cüzi də olsa, kömək edəcəkmi? Ümumiyyətlə, buna indi ehtiyac var idimi?

Uçot dərəcəsi - pulun "qiyməti" deməkdir. Bütün ölkələrdə mərkəzi banklar tərəfindən pul-kredit siyasəti və inflyasiya məhz bunun vasitəsilə idarə olunur. Pul bazasının həcmi də əslində, buna bağlıdır. Başqa sözlə desəm, dövriyyədə olan pul kütləsini də uçot dərəcəsi müəyyən edir. İnflyasiya elə bir göstərici və prosesdir ki, iqtisadi artımdan da qaynaqlana bilir. Həmçinin, daxili bazarın konyunkturundan - tələbatın ödənilməsi şəraitindən də yaranır. Yəni, təklif tələbi ödəmədikdə də inflyasiya baş verir. Odur ki, belə demək mümkündürsə, iki cür inflyasiya var: sağlam və iqtisadiyyatın “naxoş” halından doğan inflyasiya.

Bu nöqteyi-nəzərdən, bazar iqtisadiyyatı sistemi normal fəailiyyət göstərən ölkələrdə 4-5 faizlik inflyasiya məqbul səviyyə sayılır. Qeyd olunan prizmadan yanaşsaq, Azərbaycanda da 5-6 inflyasiya təhlükəli hesab edilməməlidir. Ancaq təəssüf, inflyasiyanı tənzimləyən alətlərin heç də hamısı Azərbaycanda dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi işləmirlər. Problem məhz bundadır. Bunlardan biri də uçot dərəcəsidir. AMB uçot dərəcəsini dəyişəndə nə milli valyutanın məzənnəsinə, nə inflyasiyaya, nə də kredit faizlərinə birbaşa və cidd təsir yaranır. Buna görə də bizdəki inflyasiya mövcud iqtisadi proseslərə dair əslində normal göstərici sayılmır. Hökumət də bu səbəbdən düşünür ki, aşağı inflyasiya bütün hallarda müsbət göstəricidir və ona görə bunu mümkün dərəcədə cilovlamağa çalışır. Amma belə deyil axı...

Milli valyutanın arxasında real iqtisadiyyatın dayanması şərtilə 4-5 faizlik inflyasiya göstəricisi əslində, iqtisadiyyatın davamlı inkişafı üçün vacib sayılır. Bizdə isə həm inflyasiya, həm də manatın məzənnəsi böyük həcmli vəsaitlər hesabına sabit saxlanılmaqdadır. Ona görə də, xarici bazarlarda şok vəziyyətlər yaranan kimi nə manatı saxlamaq mümkün olur, nə də inflyasiyanı... İnflyasiya dərhal ikirəqəmli ədədə yüksəlir.

Ümumiyyətlə, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanda həmişə böyük inflyasiya və devalvasiya təhdidi yaranır. 2015-2016-cı illərdə biz bunun əyani şahidi olduq. Hazırda bütün dünyada inflyasiya yüksəkir və odur ki, ölkəmizin bundan yan keçməsi qeyri-mümkündür. Bu gün bir çox kütləvi məhsullar üzrə yerli istehsal daxili tələbatı tam qarşılamır. Tələbatımızın böyük hissəsi idxalın hesabına ödənilir, idxal isə həmin inflyasiya gedən ölkələrdən daxil olur. Neft ixracından asılılığımız qaldığı şəraitdə isə, xarici şokların təsir gücü nəzərə alınmadan inflyasiyanı tam cilovlamaq mümkün deyil.

Düzdür, qeyri-neft məhsullarının ixracı getdikcə artır. Lakin qeyri-neft ixracı gərək ümumi ixracın 40-45 faizi həddinə çatsın ki, ölkə iqtisadiyyatı dünya neft bazarındakı şoklardan sığortalana bilsin. Yeri gəlmişkən, gələn il üçün illik inflyasiya səviyyəsi 4-5 faiz proqnozlaşdırılır. Lakin fikrimcə, növbəti 3-4 ildə inflyasiya ən yaxşı halda 7-8 faizdən aşağı olmayacaq. Hesab edirəm, bundan qaçmaq mümkün deyil.

Odur ki, yaxşısı budur, hökumətin inflyasiya prosesinə yanaşma tərzini dəyişsin və bu göstərici Azərbaycanda iqtisadi artımı da əks etdirsin. Bunun üçün isə, uçot dərəcəsi çevik işlək mexanizmə çevrilməlidir.


Pərviz Heydərov
Azvision.az üçün
Müəllifin əvvəlki yazıları:

Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: İnflyasiya  





Xəbər lenti