Masallıdakı partlayışda yaralanan şagird Bakıya gətirilib
Masallıda dünən baş verən güclü partlayışda ağır xəsarətlər alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Əliyev İman Vüqar oğlunun vəziyyəti ağırlaşıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, 11-ci sinif şagirdinin vəziyəti səhər saatlarında ağırlaşdığı üçün o Bakıya gətirilib. Həkimlər 17 yaşlı gəncin yaşamaq imkanını aşağı qiymətləndirirlər.
Xatırladaq ki, 23 mart tarixində Masallı rayonunda güclü partlayış baş verib. Hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.
Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb. Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Vüqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yeniyetmə 11-ci sinif şagirdidir. Partlayışdan dərhal sonra onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Famil Habil oğlu Sadıqov dünən əməliyyat olunan zaman keçinib.
Teqlər: